AZ

“Diqqətli olun, biz təhlükəliyik!” - “Sportinfo”ya danışdı, mesaj göndərdi

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Sportinfo.az-a müsahibə verib.

Komandasının qazandığı uğurlu nəticələrdə əsas pay sahiblərindən olan 27 yaşlı polşalı solaxay “tələbələr”in “Qəbələ” üzərində qazandığı 7:1 hesablı parlaq qələbədən sonra sualları cavablandırıb.

- Cari mövsümdə ilk dəfə bu dərəcədə istəkli və amansız göründünüz. Bunun üçün nə etdiyinizi deyə bilərsən?

- Sadəcə öz oyunumuzu nümayiş etdirdik. Və ən önəmlisi, matça necə başlamışdıqsa, eyni tempi sona qədər saxladıq. Arxayınlaşmadıq, səhv etmədik, diqqətli davrandıq. Bir sözlə, baş məşqçinin tələblərini tam şəkildə yerinə yetirdik. Bu gün xoşbəxtik, lakin davamını gətirmək lazımdır.

- Sanki “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə əldən çıxan qələbələr sizdə hirs, qisas hissi, xüsusi motivasiya yaratmışdı.

- Gizlətmirəm, bunun də rolu ola bilər. Son matçlarda qapımızda ağlımıza gəlməyən qollar görürdük. Şans bizdən üz döndərib. Rəqiblər heç nədən qollar vururlar. Bu gün sübut etdik ki, başımıza gələnlər bəxtsizliklə bağlı idi. Əsl “Sabah” budur.

- “Rəqiblər bu “Sabah”la oyunlara hazır olsunlar” mesajını göndərirsən?

- Bəlkə də bu, hansısa formada mesaj ola bilər. Ancaq biz bu mesajı indi yox, mövsümün əvvəlindən vermişik. Çempionatın əvvəlində axtarışdaydıq. Yeni gələnlərin kollektivə uyğunlaşması, baş məşqçinin bizdən nə istədiyini anlamağımız üçün 3-4 ay vaxt sərf etdik. Yanvardakı 3 həftəlik toplanış bizə çox kömək etdi. 2026-cı il başlayandan bu yana istədiyimiz futbolu nümayiş etdirməklə və uğurlu nəticələr qazanmaqla rəqiblərə “diqqətli olun, biz təhlükəliyik!” mesajını göndəririk.

-Çempionluğu “Qarabağ”ın əlindən almaq real görünür?

- İndidən nəsə deyə bilmərəm. Mövsümün sonunda dəqiqləşəcək. İndiki məqamda yalnız qarşıdan gələn matça hazırlaşırıq. Növbəti rəqibimiz “İmişli”dir.

- “İmişli”yə qarşı Qubadakı yararsız qazonda oynayacaqsınız. Meydanın durumu istədiyiniz nəticəni qazanmağa mane ola bilər?

- Həqiqətən orada oynamaq çətindir. Xüsusən topa nəzarət edən, topla oynamağı xoşlayan komandaya ikiqat çətinlik yaradır. Lakin bu, heç bir halda bizi məqsədimizdən uzaqlaşdıra bilməz. “İmişli” ilə görüşə qələbə üçün çıxacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.

HƏBİB

Seçilən
12
sportinfo.az

1Mənbələr