"The Wall Street Journal" qəzetinin cümə günü, 13 mart tarixində üç ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İranın Hörmüz boğazından istifadəni sərtləşdirdiyi bir vaxtda Pentaqon Yaxın Şərqə əlavə dəniz piyadaları və hərbi gəmilər yerləşdirir.
Müdafiə naziri Pit Heqsetin bölgədəki Amerika qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının tələbini təsdiqlədiyi bildirilir. Bu tələb amfibiya qrupunun və ekspedisiya qüvvələrinin yerləşdirilməsini ehtiva edir. Belə qüvvələrin tərkibinə, adətən təxminən 5000 dəniz piyadası və dənizçi, eləcə də bir neçə gəmi daxildir.
İki rəsminin sözlərinə görə, Yaponiyada yerləşən USS Tripoli amfibiya hücum gəmisi və göyərtədəki dəniz piyadaları hazırda Yaxın Şərqə doğru yola çıxıb. Qəzetin mənbələri, həmçinin, bəzi dəniz piyadalarının artıq bölgədə olduğunu qeyd ediblər.
Associated Press ABŞ hərbi mənbəyinə istinadən xəbər verir ki, təxminən 2200 əsgərdən ibarət 31-ci Dəniz Ekspedisiya Qüvvələri və USS Tripoli Yaxın Şərqə göndərilib. Bu gəmi Yaponiyada yerləşən dəniz piyadalarını daşıyan digər ABŞ gəmiləri ilə birlikdə hazırda Sakit Okeandadır. Onların İrana çatması təxminən bir həftə çəkəcək.
Associated Press onu da qeyd edib ki, "Bu addım bölgədə qoşun sayının əhəmiyyətli dərəcədə artmasını təmsil etsə də, bu, mütləq quru əməliyyatının (İranda - red.) qaçılmaz və ya hətta baş vermə ehtimalı demək deyil".
Qeyd olunur ki, Dəniz Ekspedisiya Qüvvələri yalnız amfibiya əməliyyatları ilə yanaşı, səfirliklər və mülki şəxslər üçün təhlükəsizliyi təmin etmək, eləcə də fəlakətlərin aradan qaldırılmasına kömək etmək qabiliyyətinə malikdir.
Lakin Axios mənbəyi ABŞ Mərkəzi Komandanlığının bu addımının xüsusi olaraq "İrana qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını genişləndirmək" üçün atıldığını qeyd edir. Onun xəbərinə görə, əlavə dəniz piyadaları bölmələri və USS Tripoli ilə yanaşı, Yaxın Şərqə digər döyüş gəmiləri və F-35 qırıcı təyyarələri də gələcək.
SAMİRƏ