Premyer Liqanın 24-cü turunda “Qəbələ”nin qonağı olacaq “Neftçi” yubileyə sevinə bilər.
Sportinfo.az xəbər verir ki, bunun üçün “ağ-qaralar” səfərdə minimum 2 qol vurmalıdır.
Paytaxt təmsilçisi bunu bacarsa, “Qəbələ” ilə 66-cı görüşdə rəqib qapısından 100-cü topunu keçirmiş olacaq.
2006-cı ildən başlanan rəqabətdə “Neftçi” 98, “qırmızı-qaralar” isə 70 dəfə fərqləniblər. Komandaların son 3 oyununda “Qəbələ” quru hesabla uduzubsa, “Neftçi” axırıncı 6 matçın hamısında aktivinə 3 xal yazdırmağı bacarıb.
Bundan başqa, bölgə klubu artıq 4 ildir ki, öz meydanında “Neftçi”yə qalib gələ bilmir.
Komanda sonuncu dəfə 2022-ci ilin mayında dogma azarkeşlərinə qalibiyyət (1:0) sevinci bəxş edib.
Ondan sonrakı 5 duelin yalnız birində “Qəbələ” 1 xalla kifayətlənə bilib.