AZ

İcraatda 141 min aliment işi: Problemin həlli yalnız cəzaların sərtləşdirilməsindədirmi?

Hüquqşünas Şamil Paşayev: "Cəzanı sərtləşdirməklə sosial problemləri həll etmək mümkün deyil".

Son illərdə Azərbaycanda ailə münasibətləri və boşanma sonrası öhdəliklər mövzusu cəmiyyətin ən çox müzakirə olunan sosial məsələlərindən birinə çevrilib. Xüsusilə uşaqların maddi təminatı ilə bağlı olan aliment ödənişləri həm hüquqi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır. Lakin statistik göstəricilər aliment öhdəliklərinin icrası ilə bağlı problemlərin hələ də aktual olduğunu göstərir. Rəsmi rəqəmlər bu sahədə icraatda olan işlərin sayının ildən-ilə artdığını və aliment ödəməkdən yayınan şəxslərlə bağlı hüquqi tədbirlərin getdikcə daha geniş tətbiq edildiyini ortaya qoyur. Mütəxəssislərin fikrincə, aliment məsələsi yalnız hüquqi mexanizm kimi deyil, həm də sosial məsuliyyət və valideyn borcu kimi qiymətləndirilməlidir. Çünki boşanma hallarında uşaqların maddi təminatı əsasən valideynlərin üzərinə düşür və bu məsuliyyətin yerinə yetirilməsi uşaqların sosial rifahı baxımından xüsusi əhəmiyyət kəsb edir. Buna baxmayaraq, bəzi hallarda aliment ödənişlərinin gecikdirilməsi və ya ümumiyyətlə yerinə yetirilməməsi icra orqanlarının və məhkəmələrin bu sahədə daha sərt tədbirlər görməsinə səbəb olur. Rəsmi məlumatlara görə, aliment işləri üzrə icraatda olan sənədlərin sayı hər il artmaqda davam edir. Ədliyyə Nazirliyinin açıqladığı statistik göstəricilər göstərir ki, son illər ərzində aliment öhdəliklərinin icrası ilə bağlı müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu isə həm boşanmaların sayının artması, həm də aliment ödənişləri ilə bağlı mübahisələrin çoxalması ilə əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, bu dinamika ailə münasibətlərində baş verən sosial dəyişikliklərin və iqtisadi faktorların təsiri ilə də bağlıdır. Ədliyyə nazirinin müavini Toğrul Hüseynovun açıqladığı məlumatlara görə, aliment işləri üzrə icraatda olan sənədlərin sayı hər il təxminən 10 faiz artır. Statistikaya əsasən, son beş ildə bu kateqoriyadan olan işlərin sayı təxminən 10 min artıb. Təkcə 2025-ci ildə icraatda 141 min aliment işi olub. Aliment ödəməkdən yayınan minlərlə borclu ilə bağlı inzibati tədbirlər görülüb və yüzlərlə halda cinayət məsuliyyəti məsələsi qaldırılıb. Bu rəqəmlər aliment öhdəliklərinin yerinə yetirilməməsinin artıq ciddi hüquqi nəticələrə səbəb olduğunu göstərir.
Digər diqqət çəkən məqam isə son illərdə aliment ödəyən qadınların sayında da artımın müşahidə olunmasıdır. Əvvəllər daha çox kişilərin üzərinə düşən bu öhdəliyin indi müəyyən hallarda qadınlar tərəfindən də icra edilməsi ailə strukturlarında və boşanma sonrası məsuliyyət bölgüsündə dəyişikliklərin baş verdiyini göstərir. Bu isə cəmiyyətdə gender rolları, valideyn məsuliyyəti və ailə münasibətlərinin transformasiyası ilə bağlı yeni müzakirələrə yol açır.

"Aliment problemlərinin yaranmaması üçün insanlar daha məsuliyyətli davranmalıdırlar. Ailə-məişət problemlərinin bu qədər geniş vüsət aldığı bir dövrdə bu məsələni yalnız həbslər, cərimələr və sərt qaydalar vasitəsilə tənzimləmək mümkün deyil".

Bu fikirləri hüquqşünas Şamil Paşayev Olaylar.az-a açıqlamasında deyib. Hüquqşünas bildirib ki, dünyanın inkişaf etmiş ölkələrinin heç biri cəzanı sərtləşdirməklə bu problemin tam həllinə nail ola bilməyib. Çünki ümumilikdə cəzanın sərtliyi sosial problemləri aradan qaldıran əsas mexanizm deyil. Cəza müəyyən hallarda intizam yarada və hüquqi çərçivəni qorusa da, ailə münasibətlərinin kökündə duran səbəbləri dəyişdirmək gücünə malik deyil. Əgər cəzanı sərtləşdirməklə bütün problemləri həll etmək mümkün olsaydı, nə Cinayət Məcəlləsinə, nə də İnzibati Xətalar Məcəlləsinə ehtiyac qalardı. Sadəcə bir cəza müəyyən edilərdi və bu da ən ağır cəza - məsələn, ölüm cəzası olardı. Guya belə olduqda insanlar hər hansı qanun pozuntusundan çəkinər və bütün problemlər avtomatik olaraq aradan qalxardı. Lakin reallıq tam fərqlidir. Dünya təcrübəsi göstərir ki, cəzaların sərtləşdirilməsi təkbaşına sosial problemləri aradan qaldırmır. Əksinə, bəzən bu, problemlərin kök səbəblərini arxa plana keçirir və cəmiyyətin diqqəti əsas məsələdən yayınır. Bu səbəbdən də cəzanın sərtləşdirilməsi problemin həlli yolu kimi təqdim edilə bilməz. Hüquqdan və cəzadan əvvəl əxlaq gəlir. Cəmiyyətin sağlam inkişafı üçün ilk növbədə insanların əxlaqlı, məsuliyyətli və vicdanlı şəkildə yetişməsi vacibdir. Ailə institutunun möhkəm olması üçün hüquqi mexanizmlərdən daha çox mənəvi və sosial dəyərlər ön plana çıxmalıdır. İnsanların ailə qurarkən məsuliyyət hissi ilə hərəkət etməsi, ailə həyatının mahiyyətini anlaması və gələcək öhdəliklərini dərk etməsi son dərəcə vacibdir. Bu məsələdə diqqət çəkən məqamlardan biri də odur ki, insan evlənərkən gələcəkdə boşanma ehtimalının da ola biləcəyini nəzərə almalıdır. Həyat hər zaman planlaşdırıldığı kimi getmir və müxtəlif səbəblərdən ailələrdə problemlər yarana bilər. Buna görə də evlilik qərarı emosional və ya tələsik verilən bir qərar olmamalıdır. İnsanlar ailə qurarkən yalnız bu günün deyil, gələcəyin məsuliyyətini də düşünməlidirlər. Evlənməzdən əvvəl insanların bir-birlərini daha yaxşı tanıması, xarakter və xasiyyət baxımından uyğun olub-olmadıqlarını anlaması mühüm əhəmiyyət daşıyır. Ailə qurmaq sadəcə sosial bir mərhələ deyil, iki insanın həyatını uzun müddət üçün birləşdirən ciddi bir qərardır. Əgər tərəflər bir-birini kifayət qədər tanımadan, yalnız cəmiyyətin və ya ailənin gözləntiləri əsasında evlənirlərsə, bu zaman sonradan ciddi problemlərin yaranması ehtimalı artır. Təəssüf ki, bəzi hallarda evlilik həyatın növbəti mərhələsi kimi mexaniki şəkildə qəbul olunur: bağçaya getdi, məktəbə getdi, universiteti bitirdi, əsgərlik xidmətini başa vurdu və artıq evlənməlidir. Daha sonra isə qısa müddət ərzində uşaq sahibi olmaq məsələsi gündəmə gətirilir. Bu yanaşma ailə institutuna olduqca səthi və formal münasibətin göstəricisidir. Evlilik yalnız sosial norma kimi qəbul edilməməlidir. Bu, iki insanın qarşılıqlı məsuliyyət, anlayış və hörmət əsasında qurduğu bir həyat modelidir.

Hüquqşünasın fikrincə, uşaq sahibi olmaq məsələsi bundan da böyük məsuliyyət tələb edir. Uşağın dünyaya gəlməsi yalnız valideynlərin şəxsi arzusu deyil, həm də gələcək bir insanın taleyi ilə bağlı qərardır. Buna görə də insanlar uşaq sahibi olmaq barədə düşünərkən özlərini həm mənəvi, həm psixoloji, həm də maddi baxımdan hazır hiss etməlidirlər. Əks halda bu məsuliyyət sonradan ailə daxilində ciddi problemlərə, hətta boşanmalara səbəb ola bilər. Əslində problemin həlli cəzanı sərtləşdirməkdə deyil, insanların niyə evləndiklərini dərk etmələrindədir. İnsan evliliyin mahiyyətini və məqsədini anlayanda, ailə qurma qərarını daha düşünülmüş şəkildə verir. Bu isə sonradan yaranan problemlərin və boşanmaların sayının azalmasına səbəb ola bilər. İnsan niyə evləndiyini biləndə, niyə boşandığını da daha aydın anlayır və məsuliyyətini daha düzgün qiymətləndirir.

"Aliment məsələsinin həllində isə daha effektiv mexanizmlərdən biri Aliment Fondunun yaradılması hesab olunur. Bu fondun yaradılması bir çox ölkələrdə tətbiq olunan və müəyyən nəticələr verən mexanizmlərdən biridir. Belə bir fondun mövcudluğu uşağın maddi təminatının boşanma prosesindən və valideynlərin şəxsi münasibətlərindən asılı olmamasını təmin edə bilər. Aliment Fondunun yaradılması o demək deyil ki, valideynlər aliment ödəmək məsuliyyətindən azad olunurlar. Əksinə, bu sistem uşağın sosial müdafiəsini gücləndirir. Dövlət ilkin mərhələdə uşağın saxlanılması üçün müəyyən xərcləri qarşılayır və uşaq maddi çətinliklərlə üzləşmir. Daha sonra isə aliment ödəməli olan ata və ya ana həmin məbləği fonda qaytarır. Bu yanaşma həm uşağın hüquqlarını qoruyur, həm də aliment öhdəliyindən yayınma hallarının qarşısını qismən ala bilər. Azərbaycanda aliment problemlərinin bu qədər geniş yayılmasının səbəblərindən biri də məhkəmələrin əksər hallarda uşağın qəyyumluğunu avtomatik olaraq anaya verməsidir. Çox nadir istisnalar olmaqla, qərarlar əsasən bu istiqamətdə verilir. Halbuki bu yanaşma hər zaman uşağın maraqlarına uyğun olmaya bilər. Qanunvericilik kişi və qadının hüquqlarının bərabər olduğunu bildirir. Belə olan halda uşağın kimdə qalması məsələsinə də daha peşəkar və obyektiv yanaşılmalıdır. Hər bir ailə vəziyyəti ayrıca qiymətləndirilməli, uşağın psixoloji vəziyyəti, yaşayış şəraiti, valideynlərin imkanları və məsuliyyət səviyyəsi nəzərə alınmalıdır. Əgər uşağın gələcək inkişafı və həyat şəraiti baxımından atanın yanında qalması daha uyğun və faydalı hesab olunursa, bu variant da nəzərdən keçirilməli və tətbiq olunmalıdır. "Uşaq mütləq ana ilə qalmalıdır" kimi stereotiplərdən uzaqlaşmaq vacibdir. Bu yanaşma bir çox hallarda patriarxal düşüncə tərzinin nəticəsi kimi ortaya çıxsa da, müasir cəmiyyətlərdə əsas meyar valideynlərin cinsi deyil, uşağın maraqları olmalıdır. Əsas prinsip uşağın daha sağlam mühitdə böyüməsini təmin etməkdir", - deyə Şamil Paşayev əlavə edib. 

Hüquqşünasın sözlərinə görə, digər mühüm məsələ ailələr üzərində mövcud olan mental və sosial təzyiqlərin azaldılmasıdır. Bir çox hallarda gənc ailələr evləndikdən dərhal sonra cəmiyyət və yaxın qohumlar tərəfindən müxtəlif gözləntilərlə üzləşirlər. Xüsusilə də qısa müddət ərzində uşaq sahibi olmaq məsələsi gündəmə gətirilir və bu, gənc ailələr üzərində əlavə psixoloji təzyiq yaradır. Evlənən kimi cütlüklərdən dərhal uşaq tələb edilməməlidir. Valideynlər, qayınata və qaynana bu məsələdə daha təmkinli və anlayışlı davranmalıdırlar. Gənc ailələrin şəxsi qərarlarına həddindən artıq müdaxilə etmək düzgün yanaşma deyil. Ailə qurmuş iki insan öz həyatları ilə bağlı qərarları müstəqil şəkildə vermək hüququna malikdirlər. Aliment problemlərinin və ailə münaqişələrinin azalması üçün yalnız hüquqi mexanizmlərə arxalanmaq kifayət deyil. Bu məsələ daha geniş sosial, mədəni və mənəvi amillərlə bağlıdır. Cəmiyyətin ailə institutuna münasibəti dəyişməli, məsuliyyətli valideynlik və düşünülmüş evlilik anlayışı daha geniş şəkildə təşviq edilməlidir. Yalnız bu halda həm boşanmaların, həm də aliment problemlərinin azalmasına nail olmaq mümkün ola bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr