AZ

Tramp: Meksikanı faktiki olaraq narkokartellər idarə edir

BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Meksikanın faktiki olaraq narkokartellərin nəzarəti altında olduğunu iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu fikri Florida ştatına uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı səsləndirib.

ABŞ lideri iki ölkə arasındakı münasibətlərlə bağlı suala cavab verərkən bildirib ki, Meksika Prezidenti Klaudiya Şeynbauma narkokartellərdən qurtulmağı təklif edib.

“Amma nədənsə o bunu etmək istəmir”, - deyə Tramp bildirib və əlavə edib ki, Meksika prezidenti bu təklifi rədd etməməli idi.

“Onu çox bəyənirəm, amma o, kartellərdən qurtulmalıdır. İstəsəniz də, istəməsəniz də, kartellər Meksikanı idarə edir. Belə olmamalıdır”, - deyə ABŞ Prezidenti qeyd edib.

Meksika Prezidenti Klaudiya Şeynbaum isə martın 9-da keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ qanunsuz silahların sərhəd vasitəsilə qaçaqmalçılığının qarşısını almaq və narkotik istehlakını azaltmaqla Meksikaya mütəşəkkil cinayətkarlıqla mübarizədə ciddi dəstək verə bilər.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Meksika hakimiyyətini cinayətkar qruplaşmalar və narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər əməkdaşlıq etməməkdə ittiham edib. O, həmçinin ABŞ Silahlı Qüvvələrinin narkokartellərə qarşı istifadə olunması ehtimalını da istisna etməyib.

Seçilən
82
teleqraf.com

1Mənbələr