AZ

İsveçrədəki siqh fəalları Hindistanda insan hüquqları ilə bağlı narahatedici vəziyyətə diqqət çəkiblər

Cenevrə, 14 mart, AZƏRTAC

İsveçrədə yaşayan siqh diasporunun nümayəndələri Hindistanda insan hüquqları ilə bağlı vəziyyətə görə ciddi narahatlıq ifadə ediblər. İsveçrə Siqh Gənclər Təşkilatının fəalı Harmehar Kourun sözlərinə görə, son illərdə siqh icmasının nümayəndələrinə qarşı təqib, insanların yoxa çıxması və müxtəlif təzyiq halları artıb.

AZƏRTAC-a müsahibəsində o bildirib ki, Pəncab regionunda və onun hüdudlarından kənarda bir çox ailə itkin düşmüş qohumlarını hələ də axtarır. “İnsanlar saxlanıldıqdan və ya gecə reydlərindən sonra yoxa çıxırlar. Qohumları aylarla yaxınlarının taleyi barədə heç bir məlumat ala bilmirlər”, – deyə fəal bildirib və əlavə edib ki, hüquq müdafiəçiləri özbaşına həbs və zorakılıq halları ilə bağlı çoxsaylı faktlar qeydə alırlar.

H.Kour iddia edir ki, Hindistan hakimiyyətinin hərəkətləri diaspor arasında getdikcə daha böyük narahatlıq doğurur. Onun fikrincə, baş verənlər siqhlərin siyasi və dini kimliyinin sistemli şəkildə boğulmasının əlamətlərini göstərir. “Yoxa çıxma halları müntəzəm xarakter aldıqda, insanlar danışmaqdan və öz fikirlərini ifadə etməkdən qorxduqda, bu, artıq milli miqyaslı faciə kimi görünür”, – deyə o vurğulayıb.

Fəal beynəlxalq ictimaiyyəti bu vəziyyətə diqqət yetirməyə və şəffaf araşdırmalar aparılmasını tələb etməyə çağırıb. Onun sözlərinə görə, Avropadakı siqh təşkilatları itkin düşmüş insanların taleyinin unudulmaması üçün beynəlxalq platformalarda insan hüquqlarının müdafiəsi məsələsini daha fəal qaldırmaq niyyətindədirlər.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Seçilən
74
azertag.az

1Mənbələr