Cənubi Qafqazda İranın təsiri artırmı? – Bu sual ətrafında Borçalıda gedən geosiyasi mübarizə son dövrlər ciddi təhlil obyekti halına gəlib. Yaxın Şərqdə İsrail, Amerika Birləşmiş Ştatları və İran arasında baş verən birbaşa hərbi qarşıdurmalar dünya ictimaiyyətinin diqqət mərkəzində olsa da, görünür, Tehran paralel şəkildə Cənubi Qafqazda da strateji mövqelərini gücləndirməyə çalışır.
NOCOMMENT.az xəbər verir ki, Hadson İnstitutu tərəfindən 4 mart tarixində yayımlanan hesabat Gürcüstanda ciddi siyasi rezonans doğurub. Araşdırmada xüsusilə Aşağı Kartli (Borçalı) bölgəsində İranın təsir imkanlarının artdığı iddia olunur.
“İranın Gürcüstana dönüşü” adlı hesabatda qeyd olunur ki, Tehran etnik azərbaycanlı şiə icması arasında sistemli şəkildə təsir şəbəkəsi formalaşdırmağa çalışır. Analitiklərin fikrincə, məqsəd ABŞ-nin müttəfiqi hesab olunan Gürcüstan ərazisində ideoloji və iqtisadi təsir mərkəzi yaratmaqdır. Hesabatın müəllifləri – ekspert Lyuk Koffi və keçmiş gürcü deputatı Giorgi Kandelaki bildirirlər ki, İranın regiondakı fəaliyyəti təşkilatlanmış və hərtərəfli xarakter daşıyır.
Onların sözlərinə görə, Tehran “yumşaq güc” strategiyasını əsasən üç istiqamət üzrə həyata keçirir.
Birinci istiqamət ideoloji təsirlə bağlıdır. ABŞ sanksiyaları altında olan “Əl-Mustafa” Beynəlxalq Universitetinin filialları vasitəsilə dini təhsil adı altında yeni şiə liderlərinin yetişdirildiyi iddia olunur.
Bu şəxslərin ideoloji bağlılığının Tiflisdən çox, İranın dini mərkəzi sayılan Qum şəhərinə yönəldiyi qeyd edilir.
İkinci istiqamət mümkün tərəfdarların cəlb olunması ilə əlaqələndirilir. Hesabatda bildirilir ki, Ərbəin ziyarəti zamanı təşkil olunmuş kütləvi səfərlər İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həm əlaqələr qurmaq, həm də məlumat toplamaq məqsədilə istifadə oluna bilər.
Üçüncü istiqamət isə iqtisadi fəaliyyətlə bağlıdır. Analitiklərin məlumatına görə, Gürcüstanda İran kapitallı təxminən 13 min şirkət fəaliyyət göstərir. Bəzi hallarda bir neçə şirkətin eyni hüquqi ünvanda qeydiyyatdan keçməsi beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə olunan klassik sxem kimi qiymətləndirilir.
Hesabat ətrafında müzakirələr 28 fevral tarixində baş verən hadisədən sonra daha da intensivləşib. İranın ali lideri Əli Xameneinin vəfatı ilə bağlı yayılan şayiələr fonunda yüzdən çox insan Tiflisdə İran səfirliyinin qarşısına toplaşıb. Onların İran liderinin portretləri ilə çıxış etməsi və dini şüarlar səsləndirməsi Gürcüstan cəmiyyətində geniş əks-səda doğurub. Keçmiş prezident Mixail Saakaşvili həbsxanadan verdiyi açıqlamada hakim “Gürcü Arzusu” partiyasını radikal dini ideologiyaya göz yummaqda ittiham edib. ABŞ Konqresinin üzvü Co Vilson isə Tiflisin siyasətini “anti-Amerika xətti” kimi qiymətləndirərək Gürcüstanın İranla yaxınlaşmasının təhlükəli olduğunu bildirib.
Rəsmi Tiflisin reaksiyası isə birmənalı qarşılanmayıb. İranın təsiri ilə bağlı iddiaları araşdırmaq əvəzinə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti hesabat müəlliflərinin motivlərini araşdırmağa başladığını açıqlayıb. Hadson İnstitutunun prezidenti Con Volters bu addımı narahatedici hesab edib.
Onun sözlərinə görə, hökumət ekspertləri tənqid etməkdənsə, açıq mənbələrə əsaslanan nəticələri diqqətlə nəzərdən keçirməlidir. Tiflis meri Kaxa Kaladze isə keçmiş deputat Giorgi Kandelakini sərt şəkildə tənqid edərək hesabatın etibarlılığına şübhə ilə yanaşıb. Bu isə hökumətin Tehranla münasibətləri gərginləşdirmək istəmədiyi barədə ehtimalları daha da gücləndirib.
Borçalı bölgəsində fəaliyyət göstərən bəzi ictimai fəallar isə vəziyyətin daha mürəkkəb olduğunu bildirirlər. Yerli fəal Rabil İsmayıl İranın təsir imkanlarının artdığını etiraf etsə də, bütün azərbaycanlı icmanın bu proseslə əlaqələndirilməsinin yanlış olduğunu vurğulayır.
Onun sözlərinə görə, sosial şəbəkələrdə mövzunun həddindən artıq siyasiləşdirilməsi azərbaycanlılara qarşı ksenofobiyanın artmasına səbəb ola bilər. Eyni zamanda, Afina hava limanında İranın xeyrinə casusluqda şübhəli bilinən Gürcüstan vətəndaşının saxlanılması Qərb xüsusi xidmət orqanlarının narahatlıqlarının əsassız olmadığını göstərən faktlardan biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, “İranın kölgəsi” Cənubi Qafqaz üzərində getdikcə daha aydın hiss olunur. Gürcüstanın gələcəkdə Qərbyönlü siyasi kursunu qoruyub-qoruya bilməyəcəyi isə hələlik açıq sual olaraq qalır.
Əli Səfərli,
NOCOMMENT.az