AZ

Ailə institutumuzu mənfi təsirlərdən qorumalıyıq

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan cəmiyyətində ailə həmişə ən müqəddəs və əsas sosial institutlardan biri hesab olunub. Tarix boyu formalaşmış milli-mənəvi dəyərlər, adət-ənənələr və mədəni xüsusiyyətlər ailə institutunun güclü olmasına böyük təsir göstərmişdir. Azərbaycan xalqı üçün ailə yalnız qan qohumluğu deyil, həm də qarşılıqlı hörmət, sevgi, məsuliyyət və mənəvi bağlılıq deməkdir. Bu dəyərlər nəsildən-nəslə ötürülərək cəmiyyətin möhkəmliyini və sabitliyini təmin edir.

Azərbaycan cəmiyyətində ailə insanın tərbiyə aldığı ilk və ən mühüm mühitdir. Uşaq dünyaya göz açdığı andan etibarən ailədə milli dəyərlərlə tanış olur, böyüklərə hörmət, kiçiklərə qayğı, qonaqpərvərlik və birlik kimi keyfiyyətləri mənimsəyir. Bu səbəbdən ailə yalnız sosial qurum deyil, həm də mənəvi məktəb kimi qəbul olunur.

Ənənəvi Azərbaycan ailəsində valideynlər uşaqların həm fiziki, həm də mənəvi inkişafına böyük diqqət yetirirlər. Uşaqların tərbiyəsində ata və ananın rolu xüsusi əhəmiyyət daşıyır. Ata ailənin dayağı və məsuliyyət daşıyan şəxs kimi qəbul edilir, ana isə ailənin mənəvi mərkəzi, sevgi və qayğı mənbəyi sayılır. Azərbaycan ailə dəyərlərinin əsas xüsusiyyətlərindən biri böyüklərə hörmət ənənəsidir. Yaşlı ailə üzvləri təcrübə və hikmət mənbəyi kimi qiymətləndirilir. Onların məsləhəti, həyat təcrübəsi və tövsiyələri ailə qərarlarının qəbulunda mühüm rol oynayır. Nənə və babalar da ailə həyatında xüsusi yer tutur. Onlar yalnız nəvələrinə sevgi göstərmir, həm də milli adət-ənənələrin qorunmasına və ötürülməsinə töhfə verirlər. Bu səbəbdən Azərbaycanda çox vaxt bir neçə nəsil eyni ailə mühitində sıx əlaqəli yaşayır.

Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyada tanınır. Ailə dəyərlərinin mühüm tərkib hissələrindən biri də qonağa xüsusi hörmət və diqqət göstərməkdir. Qonaq evə gələndə ona ən yaxşı yeməklərin təqdim olunması, səmimi münasibət göstərilməsi və ehtiramla qarşılanması ənənəvi dəyər kimi qəbul olunur. Qohumluq əlaqələri də Azərbaycan ailə modelində çox güclüdür. Toy, nişan, ad günü və digər ailə mərasimləri qohumları və dostları bir araya gətirərək sosial bağları möhkəmləndirir.

Azərbaycan ailə mədəniyyətində müxtəlif mərasimlər mühüm yer tutur. Toy mərasimləri, nişan mərasimləri, körpənin dünyaya gəlməsi ilə bağlı keçirilən tədbirlər və digər ailə şənlikləri həm ailə birliyini gücləndirir, həm də milli ənənələrin yaşamasına xidmət edir. Toylar xüsusilə böyük əhəmiyyət daşıyır və ailələrin birləşməsinin rəmzi hesab olunur. Bu mərasimlərdə milli musiqi, rəqslər və ənənəvi yeməklər Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirir. Qloballaşma və sosial dəyişikliklərə baxmayaraq, Azərbaycanda ailə dəyərləri hələ də güclü şəkildə qorunur. Müasir gənclər təhsil və karyera imkanlarını inkişaf etdirərkən, eyni zamanda ailə bağlarını və ənənələri də davam etdirməyə çalışırlar. Bu gün ailələrdə qarşılıqlı anlayış, bərabərlik və əməkdaşlıq daha çox ön plana çıxır. Valideynlər uşaqların təhsilinə, şəxsi inkişafına və gələcək həyatına böyük diqqət ayırırlar.

Nəticə etibarilə, Azərbaycanın ailə dəyərləri xalqın milli kimliyinin mühüm tərkib hissəsidir. Sevgi, hörmət, birlik, qonaqpərvərlik və ənənələrə bağlılıq bu dəyərlərin əsasını təşkil edir. Bu xüsusiyyətlər sayəsində ailə institutu Azərbaycan cəmiyyətində bu gün də güclü mövqeyini qoruyur və gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, ailə bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir: "Möhkəm təməllərlə qurulan ailələr bir qayda olaraq dövlətin güclü əsası rolunu oynayır. Ailə institutumuzu lokal və qlobal xarakterli mənfi təsirlərdən qorumalıyıq. Dünyada inkişafın və tənəzzülün səbəbi insan amili ilə bağlıdır. Bütün bunların faydası və ziyanları da insana birbaşa təsir edir. Demokratik dövlətlərin formalaşdırdığı modellər ailəni dünyanın regional və qlobal təsirlərindən qorumalıdır. Biz də bu yöndə inkişaf edən ailə modelləri üzərində işləməliyik ki, dəyişən dünyanın problemlərinin təsirini minimuma endirmək mümkün olsun".

Ailədə əxlaqi dəyərlərin təbliği də böyük əhəmiyyət daşıyır. Belə ki, ata-ananın davranışı birbaşa uşağa təsir edir. Bu gün dünyanın istənilən yerində övladların təlim-tərbiyəsinə təsir göstərən başlıca amil ailə daxili münasibətlərdir, fikrimizi daha dəqiq ifadə etsək, ailə böyüklərinin, valideynlərin bir-birləri ilə qurduğu təməl əlaqələrdir. Mütəxəssislərin fikrincə, səmimi, intellektli ailədə böyüyən hər bir uşaq, gələcəkdə hər bir sahədə özünü doğrulda bilir. Bu baxımdan ailə böyükləri, ələlxüsus da valideynlər kiçik dövlət hesab etdiyimiz ailədə nümunəvi mədəniyyət formalaşdırmaqla ideal ailə dəyəri yaratmış olar. Övladlarına düzgün tərbiyə verməli, qeyri-əxlaqi davranışların düzgün olmadığını onlara başa salmalı, ailə daxilində paxıllığı, riyakarlığı, yalan danışmaq və pis vərdişlərdən uzaq tutmağı bacarmalıdırlar. Hər bir valideyn öz davranışları ilə bunu övladlarına aşılamalıdır.

Millət vəkili Hicran Hüseynovanın fikrincə, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

Hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Yəni ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır. Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli dəyərlərimizi ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini qısa şərh etməklə belə səciyyələndirə bilərik. Ata, ilk növbədə, ailədaxili qanunları tənzimləyən və ailəni həyatın müxtəlif çətinliklərindən qorumaqla idarə edə bilən şəxsdir. O, öz ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan övladları, xüsusilə oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın, ləyaqətli həyat yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın, ailəcanlı, ismətli, yeri gələndə mərd və döyüşkən olmağı bacaran Azərbaycan xanımıdır. Ailənin digər üzvləri olan övladlar isə ata-ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası bitənə qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil edirlər ki, bu nüanslar Azərbaycan xalqının milli dəyərlərində geniş şəkildə və ümumxalq formatında yaşamaqdadır. Böyüyə hörmət, böyüklük göstərmək və onu qorumaq kimi ailədə təlqin və tələb olunan yüksək keyfiyyətlərin Azərbaycan xalqında özünəməxsus şəkildə ifadə olunması da milli dəyərlərimizin əsas prinsiplərindəndir.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, hər bir xalqın özünəməxsus, milli, mənəvi, əxlaqi dəyərləri var: "Biz çalışmalıyıq ki, ailələrimizdə bağçalarda, orta məktəblərdə, ali məktəblərdə bu dəyərləri gənclərimizə sevdirə bilək, aşılaya bilək. Ancaq bunu məcbur etmək yolu ilə yox, sevdirməyi bacarmalıyıq. Uşaqlarımızı bu ruhda tərbiyə etməliyik. Eyni zamanda, bununla bağlı çalışmalıyıq ki, efirlərdə, sosial mediada dəyərlərimizi məqsədli şəkildə gözdən salan paylaşımlar, verilişlər olmasın. Çünki məqsədli şəkildə bu işlə məşğul olan xarici qüvvələr var. Biz çalışmalıyıq, ayıq olaq ki, belə qüvvələr bizim cəmiyyətimizin mənəvi əsaslarını sarıtmasın. Uşaq və yeniyetmələrə, gənclərə mənəvi, əxlaqi dəyərləri aşılayaq və nəsillərin sosial varisliyini təmin edək, nəsillərarası qarşıdurmadan çəkinək. Çünki bizim çox böyük uğurları olan gəncliyimiz var. Eyni zamanda orta və yaşlı nəslimiz kifayət qədər keyfiyyətli, böyük uğur hekayələri olan nəsildir və bizim xalqımız dəyərli xalqdır. Yəni bu tarixi faktlarla sübut olunaraq gəldiyim qənaəti qeyd edim ki, tarixdə birinci dəfə qlobal miqyasda ilin xalqı adını almışıq. Bu bizim milli mənəvi, əxlaqi dəyərlərimiz sayəsində qazandığımız uğurdur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
525.az

1Mənbələr