"ABŞ-nin məqsədi İranda hakimiyyəti öz nəzarətinə götürməkdir. Yəni, ABŞ İran dövlətini işğal edərək onu idarə olunan bir dövlətə çevirmək istəyir. İranı tam nəzarətə götürmək üçün mütləq quru-hərbi əməliyyatın başlanması lazımdır. Strateji obyektləri raketlərlə vurmaqla hakimiyyəti devirmək mümkün deyil. Amma quru əməliyyatı ABŞ üçün bataqlığa girmək deməkdir. Bu səbəbdən ABŞ çalışır ki, İranın qonşu dövlətlərini münaqişəyə cəlb etsin. İranın ərəb dövlətlərinə raket hücumları bu siyasətin bir hissəsidir. ABŞ-nin məqsədi İranı qonşu ölkələrlə qarşıdurmaya cəlb etməkdir. İran daxilində ABŞ-nin cəsus şəbəkəsi fəal şəkildə bu proseslərdə iştirak edir. Bu şəbəkə dini liderin, prezidentin və güc strukturlarının, xüsusilə müdafiə sektorunun ətrafında fəaliyyət göstərir. Tapşırıq əsasında qonşuların ərazisində raket zərbələri endirilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, İranın Türkiyəyə üçüncü dəfə raket atdığı bildirilib. Məlumata görə, bu səhər Adanada yerləşən İncirlik hava bazasına yönəlmiş raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raket Türkiyə hava məkanına yaxınlaşdıqda, gecə saatlarında Adananın bir çox bölgəsində hava hücumu sirenləri səslənib.
Siyasi şərhçi bildirib ki, İrandan atılan zərbələr dövlət rəhbərlərinin iradəsindən kənar həyata keçirilir.