AZ

Sevginin “uyğun yaşı”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakıda 93 yaşlı bir kişinin 42 yaşlı qadınla ailə qurması xəbəri sosial şəbəkələrdə sürətlə yayıldı. Toyu tanınmış sənətçi Elza Seyidcahanın aparması isə hadisəni daha da diqqət mərkəzinə gətirdi. İlk baxışda bu xəbər bir çoxları üçün sadəcə sensasiya, bəziləri üçün isə müzakirə mövzusuna çevrildi. Amma məsələyə bir az dərindən baxanda bu nikah cəmiyyətin sevgi, yaş və stereotiplər haqqında düşüncələrini yenidən gündəmə gətirir.

Cəmiyyət uzun illərdir ki, sevginin “uyğun yaşı” haqqında yazılmamış qaydalar formalaşdırıb. Adətən insanların eyni yaş qrupunda evlənməsi “normal” sayılır. Bu sərhədlər pozulduqda isə dərhal müzakirələr başlayır. 93 və 42 yaş fərqi çoxları üçün şok görünə bilər. Sosial şəbəkələrdə də əsas sual eyni idi: “Bu, sevgi nikahıdır, yoxsa başqa səbəblər var?”

Tarix göstərir ki, sevgi çox zaman məntiq və statistika ilə ölçülmür. İnsanlar bəzən tam fərqli yaşlarda, fərqli ölkələrdə və fərqli həyat mərhələlərində bir-birlərini tapırlar.

Bu nikahın maraqlı tərəflərindən biri də odur ki, bəy və gəlin sıradan insanlar deyil. Bəy məşhur alim, akademik, uzun illər elm dünyasında tanınan bir şəxsdir. Gəlin isə musiqi sahəsində tanınan bəstəkar və pianoçu kimi təqdim olunur. Yəni burada söhbət təsadüfi tanışlıqdan deyil, öz sahəsində formalaşmış iki insanın həyat qərarından gedir.

Belə hallarda insanlar çox vaxt yaş fərqinə fokuslanır, amma digər vacib məqamı unudur. Bu isə həyat təcrübəsidir. Bəlkə də bu iki insanı birləşdirən məhz ortaq intellektual mühit, sənət və elmə olan baxışdır.

Bugünkü dövrdə hər hadisə dərhal ictimai tribunalın sosial şəbəkələrin müzakirəsinə çıxır. İnsanlar tanımadıqları şəxslərin həyatına çox tez hökm verirlər. Bir tərəf bunu romantik sevgi hekayəsi kimi görür, digər tərəf isə şübhə ilə yanaşır.

İki yetkin insanın həyat qərarı niyə bu qədər böyük müzakirəyə çevrilir? Əslində bu, cəmiyyətin hələ də stereotiplərlə yaşadığını göstərir. Biz hələ də “necə olmalıdır” qəlibindən kənara çıxan hər şeyi qəribə hesab edirik.

93 yaş çoxları üçün həyatın son mərhələsi kimi görünür. Amma bəzən insanlar məhz bu yaşda belə yeni başlanğıc etmək istəyirlər. Bu isə bir növ həyat enerjisinin göstəricisidir. Əslində bu hekayədə bəlkə də ən maraqlı məqam budur ki, insan neçə yaşında olursa olsun, həyatında yeni səhifə açmaq istəyir.

Bu toy ətrafında yaranan müzakirələr bir şeyi açıq göstərdi ki, biz sevgi haqqında çox danışsaq da, onu çox vaxt şərtlərlə qəbul edirik. Halbuki sevginin formulu yoxdur. Onu yaş fərqi, sosial status və ya ictimai gözləntilərlə ölçmək mümkün deyil.

Həyat hər kəsin şəxsi hekayəsidir. Hər insan öz hekayəsini necə yazmaq istəyirsə, elə də yazır. Və bəzən ən gözlənilməz hekayələr məhz ən çox danışılan hekayələrə çevrilir. Bəlkə də bu toyun əsl sirri də bundadır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
bizimyol.info

1Mənbələr