AZ

Bütün yaxşılıqlara ölüm İnsan mənzərələri silsiləsindən

ain.az, 525.az portalına istinadən məlumat verir.

Əlisəfdər HÜSEYNOV

Avtobus sürətini azaldıb yolun kənarına istiqamət götürəndə bu yolu tez-tez gedib gələn sərnişinlər işin nə yerdə olduğunu dərhal başa düşdülər və salonda yüngül bir canlanma yarandı.

Bakıdan rayonlara gedən avtobusların əksəriyyəti nəfəs dərmək üçün adətən bu yerdə dayanardı. Sərnişinlərin çoxu yerə tökülüşər, tıxaca düşməmək üçün evdən vaxtından əvvəl çıxanlar tələm-tələsik nəhəng talvarın altındakı ərzaq mağazasına cumaraq peçenye, yaxud qoğal alıb elə ayaqüstü qəlyanaltı edər, siqaret çəkən kişilər tələsmədən siqaretlərini çəkər, anaları balaca uşaqları talvarın kəllə tərəfinə aparıb geri qaytarar, yerə düşməyə ərinənlər isə elə oturduqları yerdə telefonlarını qurdalayardılar. Ona görə də avtobus dayanandan az sonra hətta qış aylarında belə talvarın altında çay stəkanlarının cingiltisi, siqaret tüstüsü, rabitəsiz səslər bir-birinə qarışıb qəribə bir aura yaradardı. 

Ərzaq mağazasının yanında çörək sexi, yeməkxana da vardı və o tərəfdən gələn təzə çörək iyi  buralardan əskik olmazdı.

- Yolumuz uzaqdır, 20-30 dəqiqə perekur edək, - sürücü hamı eşitsin deyə ucadan dilləndi, sonra köməkçisi ilə yeməkxana tərəfə, görünür, səhər yeməyi yeməyə getdilər.

Sərnişinlər avtobusdan düşüb hərəsi bir tərəfə axışdı. Qəfildən uşaq çığırtısı və zəif it hürüşünün səsi, ardınca da, çox güman ki, həmin o uşağın anasının cır səsi gəldi:

- Tfu, rədd ol burdan! Bircə sənin yerin əskik idi!

Adamlar başlarını döndərib səs gələn tərəfə baxdılar. Əldən düşmüş  qoca bir it 6-7 yaşlarında bir uşağın qarşısında dayanıb gözlərinin onun əlindəki bulkaya zilləmişdi. O qədər arıq idi ki, qabırğaları dərisinin altından görünürdü. Gözlərində qəribə bir kədər vardı. Yəqin ki, acından heysizləşdiyinə görə quyruğunu bulamağa belə gücü çatmırdı.

Kişilərdən biri yerdən kiçik bir daş götürüb itə atdı.

- Get burdan, şarlatan!

Qarnından zərbə alan it başını əyib axsaya-axsaya uzaqlaşdı. Kişi yerdən təzə daş götürürmüş kimi əyiləndə hürküb zingildəyə-zingildəyə aralandı, amma çox uzağa getmədi, dayanıb qəmli gözlərini yenə uşağın əlinə dikdi.

- Bu nə həyasız it imiş! Arsız-arsız  marıtdamağına bax ey! - bunu həmin uşağın anası dedi.

Hamı gülüşdü.

Elə bu vaxt avtobusdakı sərnişinlərdən biri - orta yaşlı bir qadın da yerə düşdü. Sadə, amma çox zövqlə geyinmişdi. Baxışlarından qayğılı, narahat adama oxşasa da, hərəkətləri təmkinli idi.

Qadın iti, adamların sifətini görən kimi işin nə yerdə olduğunu anladı. Heç nə demədi. Asta addımlarla yeməkxananın yanındakı çörək sexinə tərəf getdi və iki dəqiqə sonra əlində təzə çörək geri qayıdıb skamyada oturdu, çörəkdən bir parça kəsərək yerə qoydu və iti çağırdı:

- Gəl, ay Allahın heyvanı. Gəl, ye.

İt çaşıb qalmışdı, elə bil gördüyünə inanmırdı. Sonra asta-asta yaxınlaşıb çörəyi acgözlüklə yeməyə başladı.

Qadın növbəti tikəni kəsdi...

Sonra üçüncünü, dördüncünü... Kimsə gülüşünü boğub pıqqıldadı.

Bayaqkı uşaq bu mənzərəni görüb əlindəki bulkadan kəsərək itə atmaq istədi. Amma anası qoymadı, əlinin üstündən vurub - Çıx görüm maşına - deyərək uşağı avtobusa tərəf sürüdü...

Elə bu vaxt yerli adamlardan ağ saqqallı yaşlı bir kişi qadına yaxınlaşıb skamyada oturdu. Cibindən qəlyan və tənbəki kisəsi çıxartdı, sonra qadına baxıb nə fikirləşdisə qaytarıb cibinə qoydu.

- Hə, qızım, atalar yaxşı deyiblər ki, kiminin əvvəli, kiminin sonu, - kişinin səsi mülayim, amma bir az həyəcanlı idi. - Vaxt vardı, bu it pələng kimi güclü idi. Bu kompleks tikiləndə hər gecə burda qalır, inşaat materiallarının - qumun, daşın, şiferin, sementin, bir sözlə, hər şeyin keşiyini çəkirdi. Onun qorxusundan buraya pis niyyətlə yaxınlaşmağa kim cəsarət edərdi? O qədər zəhmli idi ki, göydən heç quş da uçmazdı.

Kişi bir anlıq susdu, başını çevirib sərgərdan iti süzdü - elə bil onun həmin o pələng görkəmini xəyalında canlandırmaq istəyirdi.

- Kompleks hazır oldu. Amma it getmədi, - kişi söhbətinə davam etdi. - Necə gedəydi axı? İşçilər təpiklə, daşla qovurdular, bir az keçmiş yenidən qayıdırdı. Yeməyini kəsdilər ki, özü çıxsın getsin. Buranın yiyəsi Hacı Müzəffər olmasaydı, öldürərdilər. Hacı qoymadı, dedi günaha batarıq, qoy öz əcəli ilə ölsün.

Qadının dodaqlarında ağrılı və acı bir təbəssüm peyda oldu.

- O, burda oturur?

- Kim? - deyə qoca soruşdu.

- Hacı Müzəffər dediyin şəxs.

- Əlbəttə. Həmişə yeməkxanadakı kabinetində olur.

Qadın daha heç nə demədi. Ayağa qalxıb yeməkxanaya tərəf getdi, müdirin kabinetini tapıb qapını döydü, "Gəl" cavabı alınca içəri girdi.

Masanın arxasında təxminən 50 yaşında tösmərək bir kişi oturmuşdu. Narın saqqalı, sol əlinin şəhadət barmağında iri əqiq qaşlı gümüş üzük vardı.

Bir neçə saniyə heç biri dinmədi. Kişi əvvəlcə baxışları, sonra da əli ilə stullardan birinə işarə edərək qadına əyləşmək təklif etsə də, qadın elə ayaq üstə dayanıb dedi:

- Mən yol keçən sərnişinəm. Sizə kiçik bir sövdə təklifim var.

Qadının müəmmalı, qəfil müraciəti  kişini çaşdırdı. Ağlına cürbəcür fikirlər, gümanlar gəldi və nəyə görəsə narahat oldu: "Birdən vergidən, qida təhlükəsizliyindən gələn müfəttiş olar ha... Kim bilir, bəlkə müxbirdir, hansısa şikayətin izi ilə gəlib, elə bəri başdan sövdələşmək istəyir?"

Qadın kişinin cavabını gözləmədi:

- Mənim votsapıma ya bir hesab, ya da kart nömrəsi göndərərsiniz. Ora hər gün çöldəki qoca itin yeməyi dəyərində pul köçürəcəm, - dedi. -  Söz verin ki, onu acından ölməyə qoymayacaqsınız  Bir də... kənarda onun üçün balaca dam təşkil edin. - Sonra çantasını açıb oradan 50 manatlıq əskinaz çıxartdı və kişinin qarşısındakı qələm qabından bir karandaş götürüb üstündə nə isə qeyd edərək masanın üstünə qoydu:

- Bu da beh və mənim votsap nömrəm.

Hacı Müzəffər deyilən kişi əvvəlcə  təəccüblü nəzərlərlə masanın üstündəki pula baxdı, sonra nəzərlərini qadının sifətinə yönəltdi və bu qısa müddət ərzində onun üzünün rəngi bir neçə dəfə dəyişdi. Nəhayət, boğazından sanki zorla çıxan səslə kəkələdi:

- Siz... məni...

Avtobusun qəfil verilən siqnalı onun boğuq səsini batırdı...

- Gözləyəcəyəm,  - deyə qadın tələsik otağı tərk eləyib onu gözləyən avtobusa tərəf qaçdı...

Rayonda - ata evində isə onu xəstə anası gözləyirdi.

lll

Bütün gecəni anasının çarpayısının yanında keçirdi. Təzyiq, şəkər, böyrək - hamısı bir-birinə qarışmışdı. Səhər həkim gəldi, dəqiq müalicə üçün müxtəlif analizlərə göstəriş verdi. Sonra xəstəxananın laboratoriyası qarşısında növbə.., ardınca yenə həkim.., uzun bir resept.., apteklərdə  axtarışlar,.. dərmanlar,..

Başı qarışan qadın votsapına gəlmiş  kart nömrəsini rayonda olduğu dördüncü gün gördü və özünü qınaya-qınaya dərhal göndəriş elədi...

lll

Elə həmin gün bir-birinə əks istiqamətdə hərəkət edən iki avtobusun tanış sürücüləri talvarın altında çay içə-içə söhbət edirdilər. Limonlu çayını qarışdıran sürücü ətrafa göz gəzdirib:

- Xeyir ola... - dedi. - Yetim it gözümə dəymir...

O biri sütücü qənd qabını qurdalaya-qurdalaya:

- Xeyirdir, - dedi. - Yetim it dünən öldü.

- Doğrudan? Onsuz da ayaq üstə ölmüşdü də yazıq.

- Dünən səhər onu qovmaq üçün daşı necə atıblarsa düz gəlib sol gözünü yaralayıb. İşçilərdən biri öz gözləri ilə görüb ki, yolun  qırağında durub salamat gözü ilə sağdan gələn maşınlara baxırmış. İri bir avtobus bərabərinə çatmağa az qalmış sürünə-sürünə özünü atıb təkərin altına. Yazıq öz canını daşlanmaq, burdakıları da daş atmaq əzabından qurtardı...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
525.az

1Mənbələr