"İsrail və ABŞ bu əməliyyatlar başlananda ilk mərhələdə əsas hədəf kimi İranda rejim dəyişikliyini nəzərdə tutmuş olsaydı belə, artıq görünür ki, bu plan işləmir. Rejim əvvəlki etiraz aksiyalarından sonrakı dövrdə də öz monolitliyini qoruyub saxlayıb və ölkəyə, xüsusilə də təhlükəsizlik sferasına tam nəzarət edə bilir. Adətən bu cür rejimlərin daxildən dəyişməsi üçün əsas şərtlərdən biri hakimiyyət daxilində — yəni siyasi və hərbi elita arasında parçalanmanın, fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasıdır. Belə bir vəziyyət formalaşarsa, rejimi daxildən dəyişmək mümkün ola bilər. Lakin hazırda belə bir reallıq müşahidə olunmur. Digər tərəfdən, İranın özündə də real alternativ siyasi qüvvələr mövcud deyil. Siyasi qüvvələrdən danışsaq, onlar təşkilatlanmış formada fəaliyyət göstərmirlər. Halbuki əhali yoxsulluqdan, inflyasiyadan, sosial vəziyyətin ağırlığından, ekoloji problemlərdən, enerji və su çatışmazlığından narazıdır və etiraz edir. Ancaq bu narazılığı istiqamətləndirəcək konkret təşkilat və ya güclü siyasi qüvvə yoxdur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İranda hakimiyyətin dəyişməsi İsrailin hərbi müdaxiləsi ilə deyil, yalnız İran xalqının özü tərəfindən mümkündür. Onun sözlərinə görə, ölkədə narazılıq olsa da, iranlıların xarici dəstək olmadan mövcud sistemi devirməsi çətindir. Reuters-in yaydığı məlumata görə, ABŞ kəşfiyyatının hesabatlarında da İranda rejimin yaxın zamanda devriləcəyi ilə bağlı ciddi gözlənti olmadığı qeyd olunur. ABŞ kəşfiyyatı hesab edir ki, İran kimi mürəkkəb siyasi sistemə malik ölkədə rejim dəyişikliyi qısa müddətdə baş verəcək proses deyil.
Siyasi şərhçi bildirib ki, buna xarici müdaxilə yolu ilə nail olmaq real görünmür.