AZ

Abituriyentləri çətin imtahan sonrası depressiyadan necə qorumalı? -Pedaqoq DANIŞDI

"Artıq 11-ci sinif şagirdləri imtahanların ilk mərhələsini geridə qoyublar. Təəssüf ki, bir çox abituriyentlərdə imtahanların çətinliyi ilə bağlı stres, uzun müddət davam edən gərginlik, məyusluq və özünə güvənsizlik kimi mənfi hallar müşahidə olunur. Burada əsas məsələlərdən biri imtahana hazırlıq müddətində daha çox pedaqoji hazırlığa üstünlük verilməsi ilə bağlıdır. Halbuki imtahana hazırlaşan bir gənc üçün pedaqoji hazırlıq nə qədər vacibdirsə, psixoloji hazırlıq da bir o qədər önəmlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə səsləndirdi.

Onun sözlərinə görə, bəzən valideynlər bu məsələyə laqeyd yanaşdıqları üçün imtahandan sonra gərginlik və depressiya halları daha qabarıq şəkildə özünü göstərir:

"Valideynlər imtahan başlamazdan əvvəl uşağa imtahanın nə qədər məsuliyyətli bir mərhələ olduğunu xatırlatmaqla yanaşı, nəticənin necə olacağından asılı olmayaraq onu psixoloji cəhətdən hazırlamalıdırlar. Yəni abituriyent bilməlidir ki, nəticə necə olursa-olsun, özünü günahlandırmamalı və həyatına davam etməlidir. Əlbəttə ki, məsuliyyət hissi çox önəmlidir. Gənc bilməlidir ki, qarşısına hansı məqsədi qoyur və bu məqsədə doğru davamlılıq və dəqiqlik göstərməyi bacarmalıdır. Lakin bu stres halları nəzərə alınanda görürük ki, qeyd etdiyimiz mənfi hallar tez-tez müşahidə olunur. Bəzən gənclər öz emosiyalarını ifadə etməkdə çətinlik çəkir və daha çox özlərini günahlandırırlar. Bu isə çox vaxt valideynlərin yanaşmasından asılı olur. Çünki valideynlər bəzən uşağa “daha çox çalışsaydın belə olmazdı”, “yəqin ki, diqqətsizlik etdin”, “başqalarının uşaqları niyə bacardı, sən niyə bacarmadın?” kimi sözlər deyirlər. Bu cür yanaşmalar isə gənclərdə depressiya hallarının daha da artmasına səbəb olur".

Mütəxəssis emosional hisslərin ifadəsi çox vacib olduğunu vurğuladı.

O, əlavə etdi ki, abituriyent imtahandan sonra özünü necə hiss edirsə, həmin emosiyaları sərbəst şəkildə ifadə etməli və bu da psixoloji gərginliyin azalmasına ciddi şəkildə kömək edir:

"Valideyn bilməlidir ki, imtahan dövründə uşağın ən çox ehtiyacı olan şey ona göstərilən dəstəkdir. Onu kiminləsə müqayisə etmək və ya tənqid etmək yox, əksinə, motivasiya və stimul vermək lazımdır. Ən doğru yanaşmanı isə valideyn öz övladını tanıyaraq seçməlidir. Hər gəncin xarakteri fərqlidir və bir gəncə uyğun olan yanaşma digər gənc üçün uyğun olmaya bilər. Bu baxımdan, valideynin öz övladını yaxşı tanıması çox vacibdir. Bu dövrdə valideynlər uşağın üzərinə daha çox getmək, onu tənqid etmək və ya başqaları ilə müqayisə etmək əvəzinə, onun daha rahat bir rejimə keçməsinə kömək etməlidirlər. Gənc özünü otağına qapadaraq cəmiyyətdən təcrid etməməlidir. Bəzən uşaqlar otaqlarına qapanır, dostlarından və ailəsindən uzaqlaşırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Əksinə, ailə üzvləri onlarla daha çox söhbət etməyə çalışmalı, dostları ilə ünsiyyət qurmasına və görüşməsinə şərait yaratmalıdırlar. Bu isə emosional yükün azalmasına kömək edir. Digər tərəfdən valideyn daim bildirməlidir ki, imtahan həyatın vacib mərhələsi olsa da, uğursuz nəticə insanın gələcəyini tam müəyyən etmir. Həyatda hər zaman alternativ yollar mövcuddur. Əgər insan məqsədlidirsə, bu gün olmasa belə, sabah mütləq məqsədinə çatacaq. Buna görə də abituriyent yenidən güc toplayaraq məqsədinə doğru addımlamalıdır".

Pedaqoq qeyd etdi ki, belə dövrdə gündəlik rejimin bərpası da çox vacibdir:

"Uzun müddət hazırlıq prosesi yaşayan gəncin psixologiyası yorğun olur. Valideyn çalışmalıdır ki, övladı açıq havada daha çox vaxt keçirsin, gəzintilərə çıxsın, fiziki aktivliyini artırsın, yuxu rejimi normallaşsın və idmanla məşğul olmasına şərait yaradılsın. Bu fəaliyyətlər abituriyentin diqqətini gərginlik yaradan vəziyyətdən uzaqlaşdıraraq onu daha rahat bir rejimə keçirə bilər. Eyni zamanda istirahətlə yanaşı, gələcəyə yönəlmək də vacibdir. Abituriyent öz səhvlərini də dərk etməlidir. Lakin bu proses yalnız müəyyən qədər rahatladıqdan sonra baş verməlidir. Bundan sonra o, planları üzərində yenidən məqsədli şəkildə işləməyə başlaya bilər. Sonda onu da qeyd edək ki, “Valideyn Məktəbi” olaraq bəzən valideynlər mütəxəssisə yalnız abituriyent artıq dərin stres vəziyyəti yaşadıqda müraciət edirlər. Bu isə vəziyyəti daha da ağırlaşdıra və gəncin gələcək planlarını vaxtında həyata keçirməsinə mane ola bilər. Ona görə də mütəxəssisə vaxtında müraciət etmək və onlarla məsləhətləşmək çox vacibdir. Eyni zamanda bu proses yalnız mütəxəssisdən asılı olmamalıdır. Proses birgə aparılmalıdır. Mütəxəssis işlədiyi müddətdə valideyn də bu istiqamətdə çalışmalı və övladının hər zaman yanında olmalıdır. Valideyn unutmamalıdır ki, övladının sağlamlığından vacib heç bir şey yoxdur. İlk növbədə sağlamlıq gəlir, daha sonra təhsil.

Bütün bunlar abituriyentə də izah edilməlidir ki, o həm gələcək planlarında, həm də bugünkü həyatında bu məqamları nəzərə alaraq məqsədli şəkildə öz üzərində çalışsın, ayaqları üzərində dayanan, dözümlü bir gənc olsun və bu dəyərləri gələcəkdə öz övladlarına və digər nəsillərə ötürə bilsin".

Xədicə BAXIŞLI

Seçilən
52
1
redaktor.az

2Mənbələr