Bakı, 13 mart, AZƏRTAC
Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və mətbuata bəyanatlar Azərbaycan-Avropa münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Hər iki liderin çıxışında diqqət çəkən əsas istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, regional sabitlik, sülh prosesi və qlobal təhlükəsizlik məsələləri Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan strateji tərəfdaşlığın çoxşaxəli xarakterini açıq şəkildə ortaya qoyur. Bütün bu istiqamətlər Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirməklə yanaşı, Avropa İttifaqının da Bakı ilə əməkdaşlığa verdiyi siyasi və strateji dəyəri açıq şəkildə nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat münasibətlərin əsas sütunlarından birinin enerji əməkdaşlığı olduğunu, Azərbaycanın Avropa bazarı ilə qurduğu enerji tərəfdaşlığının artıq qlobal təhlükəsizlik kontekstində mühüm faktor kimi qəbul edildiyini bildirib: “Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Memorandum bu münasibətlərin institusional əsasını möhkəmləndirib. Bu sənəd Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolunu daha da artırmaqla yanaşı, qarşılıqlı etimad üzərində qurulan uzunmüddətli strateji əməkdaşlıq modelini formalaşdırıb.
Avropaya qaz ixracının coğrafiyasının genişlənməsi və Azərbaycan qazını qəbul edən ölkələrin sayının sürətlə artması rəsmi Bakının enerji diplomatiyasının effektivliyini nümayiş etdirir. Bu gün Avropa məkanında bir çox dövlətlərin enerji təhlükəsizliyi artıq Azərbaycanla qurulan sabit və etibarlı enerji tərəfdaşlığı ilə sıx bağlıdır. Bu prosesin əsas infrastrukturu isə Cənub Qaz Dəhlizi kimi strateji layihədir. Avrasiyanın enerji xəritəsini dəyişdirən bu dəhliz Avropanın alternativ enerji mənbələrinə çıxışını təmin edən mühüm enerji arteriyası kimi çıxış edir.
Eyni zamanda, enerji əməkdaşlığı tədricən yeni mərhələyə – enerji keçidi və yaşıl transformasiya mərhələsinə daxil olur. Azərbaycanın külək, Günəş və hidroenerji potensialından istifadə etməklə iri həcmli bərpaolunan enerji layihələri həyata keçirməsi Avropa İttifaqının enerji strategiyası ilə üst-üstə düşür. Bu kontekstdə Avropa şirkətlərinin və maliyyə institutlarının Azərbaycanın enerji keçidinə cəlb olunması qarşılıqlı maraqların kəsişdiyi yeni iqtisadi platforma yaradır. Beləliklə, enerji əməkdaşlığı yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır, həm də gələcəyin enerji texnologiyalarına əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilir”.
Onun sözlərinə görə, Azərbaycan–Avropa münasibətlərində diqqət çəkən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır: “Avrasiyanın geoiqtisadi strukturunda baş verən dəyişikliklər Azərbaycanı Avropa ilə Asiya arasında strateji tranzit mərkəzinə çevirir. Bu prosesin əsas elementi isə Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutudur.
Orta Dəhliz yalnız alternativ ticarət yolu deyil, həm də qlobal logistika sistemində yeni geoiqtisadi balans yaradan platformadır. Avropa ilə Asiya arasında ticarət əlaqələrinin diversifikasiyası və təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunması baxımından bu marşrutun əhəmiyyəti getdikcə artır. Bu kontekstdə regionda sülhün möhkəmlənməsi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi həm regional, həm də qlobal iqtisadi dinamika üçün mühüm əhəmiyyət kəsb edir. Regional sabitlik və sülh gündəliyi də Azərbaycan–Avropa münasibətlərinin mühüm siyasi komponentlərindən birinə çevrilib”.
Deputat mövcud geosiyasi şəraitdə qlobal təhlükəsizlik çağırışlarının da Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin məzmununa təsir göstərdiyini vurğulayaraq qeyd edib: “Yaxın Şərqdə baş verən hərbi eskalasiyalar, enerji bazarlarında yaranan qeyri-müəyyənliklər və beynəlxalq təhlükəsizlik sistemində müşahidə olunan gərginliklər regional sabitliyin qorunmasını daha da aktual edir. Bu kontekstdə Avropa İttifaqının Azərbaycan xalqı ilə həmrəy olduğunu açıq şəkildə ifadə etməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu həmrəylik yalnız diplomatik jest deyil, həm də Azərbaycanın regional sabitliyin təmin edilməsində oynadığı rolun Avropa tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Geosiyasi baxımdan mürəkkəb regionda yerləşən Azərbaycanın sabitlik və əməkdaşlıq platforması kimi çıxış etməsi Avropa üçün strateji əhəmiyyət daşıyır. Qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər Avropa ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, rəqəmsal texnologiyalar və regional sabitlik kimi sahələr bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq modeli həm Avropa İttifaqının strateji maraqları ilə uzlaşır, həm də Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bütün bu amillər göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq daha geniş geosiyasi məzmun qazanır. Enerji, logistika, təhlükəsizlik və regional sabitlik sahələrində formalaşan bu əməkdaşlıq Avrasiya məkanında yeni geoiqtisadi və siyasi balansın yaranmasında mühüm rol oynayan strateji tərəfdaşlıq modelinə çevrilməkdədir”.