AZ

Azərbaycan qlobal problemlərin müzakirəsi və beynəlxalq dialoqun təşviqi üçün mühüm platformaya çevrilib ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu aktual məsələlərin müzakirə olunduğu mühüm platformalardan biri kimi yenidən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın paytaxtına yönəltdi. Forum qlobal təhlükəsizlik, yeni dünya nizamı və beynəlxalq əməkdaşlıq kimi mövzuların müzakirə edildiyi nüfuzlu tədbir kimi diqqət çəkir. Forumun yüksəksəviyyəli qonaqlarının təmsil etdikləri coğrafiya qlobal təhlükəsizlik, siyasi sabitlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsinin önəmini bir daha aydın nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat vurğulayıb ki, Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm siyasi mesajlar verdi. Çıxışın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi məsələsi idi. Dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələsinə diqqət çəkərək enerji bazarında balansın qorunmasının vacibliyini qeyd etdi. Bildirdi ki, enerji qiymətlərinin həddindən artıq artması və ya kəskin dəyişməsi həm istehsalçı, həm də istehlakçı ölkələr üçün müəyyən çətinliklər yarada bilər. Bu baxımdan sabit və qarşılıqlı faydalı enerji əməkdaşlığının inkişaf etdirilməsi vacibdir.

“Prezident İlham Əliyev çıxışında qlobal təhlükəsizlik məsələsinin dövlətlərin gündəliyində əsas prioritet olduğunu da vurğuladı və sabitliyin təmin edilməsinin hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığını dedi. Bu fikir müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik amilinin artan rolunu bir daha təsdiqləyir. Bu kontekstdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlara da toxunuldu, bəzi hallarda müxtəlif münaqişələrə fərqli yanaşmaların tətbiq olunmasının beynəlxalq hüququn nüfuzuna mənfi təsir göstərdiyi qeyd edildi. Bu mesaj isə Azərbaycanın beynəlxalq siyasətdə daha ədalətli və balanslı yanaşmanın tərəfdarı olduğunu göstərir”, - deyə K.Nurullayeva əlavə edib.

Deputatın sözlərinə görə, ümumilikdə XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal problemlərin müzakirəsi və beynəlxalq dialoqun təşviqi üçün mühüm platformaya çevrilib. Forumda səsləndirilən fikirlər və verilən siyasi mesajlar həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirdi.

Seçilən
49
1
azertag.az

2Mənbələr