AZ

Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır

Rəsmi Ankaranın prioritet hədəfləri sırasında Türk hərbi inteqrasiyası – Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığını genişləndirilməsi xüsusi yer tutur... Türkiyə həm də Avrasiya və Yaxın Şərq arasındakı yeni təhlükəsizlik sistemində əsas geostrateji iradə sahibi olan aktor statusuna bağlı açıq iddiasını da biruzə verir...

Yaxın Şərqdə hərbi gərginliyin sürətlə artdığı bir dövrdə Türkiyənin siyasi-diplomatik və hərbi-strateji addımları bu regionun gələcək təhlükəsizlik arxitekturası baxımından, xüsusi önəm daşıyır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeşkian arasındakı son telefon danışığı rəsmi Ankaranın həm regional balans siyasətini qorumağa, həm də öz təhlükəsizlik maraqlarını sərt şəkildə müdafiə etməyə hazır olduğunu göstərir. Və üstəlik, bu, Yaxın Şərqdə formalaşan yeni geopolitik reallığın fonunda Türkiyənin hansı strateji xətti seçdiyini də dolayısı ilə biruzə verir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara İranla hərbi və yaxud siyasi qarşıdurmada qətiyyən maraqlı deyil, ancaq Türkiyə sərhədlərinin toxunulmazlığı prinsipi üzrə də qətiyyətli mövqe tutmaq niyyətindədir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bununla bağlı prinsipial mövqeyini iranlı həmkarının diqqətinə açıq şəkildə çatdırıb. Rəsmi Ankara İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu bildirsə də, bu ölkənin digər region ölkələrinə qarşı raket və dron hücumlarının da yolverilməz olduğunu vurğulayıb.

26d36a4b-eaac-4312-bd85-34a6ae4fbf4e.jpg 

Məsələ ondadlr ki, Türkiyə lideri xüsusilə də ölkəsinin hava məkanının pozulmasına münasibətdə sərt reaksiya verib. O, bildirib ki, səbəbindən asılı olmayaraq, Türkiyənin hava məkanının pozulması qəbul edilə bilməz və rəsmi Ankara bununla bağlı bütün lazımi tədbirləri görəcək. Bu açıqlama son vaxtlar Yaxın Şərqdə müxtəlif istiqamətlərdən buraxılan raketlərin trajektoriyasının məhz Türkiyə sərhədlərinə yaxınlaşmasına rəsmi Ankaranın sərt reaksiyasını ifadə edir.

Maraqlıdır ki, prezident Məsud Pezeşkianın Türkiyə hava məkanında qeydə alınan raketlərin İran mənşəli olmadığını bildirməsi və bu hadisə ilə bağlı geniş araşdırma aparılacağını vəd etməsi rəsmi Ankaranın ciddi narahatlığına da səbəb olub. Türkiyənin siyasi dairələrində hesab edirlər ki, İranda baş verən siyasi dəyişikliklər yalnız ölkədaxili proses olmaqdan çıxaraq, həm də Yaxın Şərqin təhlükəsizlik balansına təsir göstərən önəmli faktora da çevrilə bilər.

Ona görə də, rəsmi Ankara Türkiyənin təhlükəsizlik maraqlarını qabartmaqla yanaşı, həm də Şimali Kipr Türk Cümhuriyyətinin yeni hərbi-strateji platformaya çevrilməsinə yönəlik də ciddi cəhdlər göstərir. Belə ki, bu istiqamətdə siyasi-diplomatik aktivliyə paralel olaraq, Türkiyə öz sərhədləri ətrafında hərbi-strateji mövqelərini daha da gücləndirməyə çalışır. Və Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus modernləşdirilmiş hərbi döyüş texnikasının yerləşdirilməsi də bunu birmənalı şəkildə təsdiqləyir.

d8a434db-d2b0-43eb-a0a4-745da355ea99.jpg 

Çünki Şimali Kirpdə ən müasir döyüş texnikanın yerləşdirilməsi rəsmi Ankaranın həm də Şərqi Aralıq dənizində Türkiyənin hərbi mövcudluq şərtlərini daha da möhkəmləndirməkdə davam etdiyini göstərir. Analitiklərin fikrincə, Türkiyənin bu addımları konkret strateji məqsədlərə xidmət edir. Belə ki, rəsmi Ankara Şərqi Aralıq dənizində enerji və təhlükəsizlik balansının qorunmasına, Şimali Kiprdə Türkiyənin hərbi mövqelərinin gücləndirilməsinə, eləcə də bu regionda mümkün eskalasiya ssenarilərinə hazırlaşmağa xüsusi önəm verir.

Digər tərəfdən, rəsmi Ankara Türk dövlətləri arasında hərbi əməkdaşlıq genişləndirilməsi prosesinin daha sürətləndirilməsinə yönəlik də addımlar atmağa çalışır. Belə ki, son vaxtlar Türkiyə Türk dünyası üçün yeni hərbi ittifaq modelinin ön plana çəkilməsi istiqamətində fəal siyasət kursuna malikdir. Hər halda, rəsmi Ankara hazırda Türk dövlətlərinin ortaq hərbi təlimlərinin genişləndirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinə və hərbi-strateji təhlükəsizlik fəaliyyətinin koordinasiyasına xüsusi diqqət yetirir. Və bu proses daha geniş geopolitik layihənin – Türk dövlətləri arasında ortaq təhlükəsizlik sisteminin qurulması planının tərkib hissəsi hesab olunur.

Maraqlıdır ki, rəsmi Ankaranın belə hərbi-strateji planlarının reallaşdırılması ilə bağlı prosesdə NATO faktoru və Türkiyənin bu hərbi-siyasi alyansdakı strateji mövqeyi də mütləq nəzərə alınır. Çünki Türkiyə hazırda bu prosesdə yalnız regional aktor deyil, həm də NATO daxilində mühüm strateji rola malik olan önəmli dövlət kimi iştirak edir. Ona görə də, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması NATO üçün Türkiyənin geostrateji əhəmiyyətini daha da artırır. Yəni, Türkiyə indi NATO üçün həm Qara dəniz, həm Yaxın Şərq, həm də Şərqi Aralıq dənizi arasında yerləşən əsas təhlükəsizlik qovşağı rolunu oynayır.

0f90b88b-99f2-48b7-b835-f1089244c100.jpg 

Göründüyü kimi, bütün bunları nəzərə alan rəsmi Ankara Türkiyə sərhədləri ətrafındakı regionlarda balans siyasəti yürütməyə çalışır. Belə ki, bir tərəfdən İranla açıq qarşıdurmadan yayınmağa üstünlük verir, digər tərəfdən isə NATO təhlükəsizlik sisteminin əsas sütunlarından biri olaraq qalır. Və nəticədə Türkiyə ətrafında yeni regional geostrateji təhlükəsizlik modeli formalaşır.

Belə anlaşılır ki, rəsmi Ankaranın prioritet hədəfləri sırasında Türk hərbi inteqrasiyası – Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığını genişləndirilməsi xüsusi yer tutur. Üstəlik, bu hərbi strategiya Türkiyənin yalnız regional güc mərkəzinə çevrilməsinə yönəlməyib. Yəni, Türkiyə həm də Avrasiya və Yaxın Şərq arasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas geostrateji iradə sahibi olan aktor statusuna bağlı açıq iddiasını da biruzə verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
11
musavat.com

1Mənbələr