Zəngilan, 13 mart, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə Şuşa, Kəlbəcər, Ağdərə, Laçın, Xocalı rayonlarının ərazisini əhatə edən, ümumi sahəsi 90 min 948 hektarlıq ərazidə şərti olaraq Qarabağ Milli Parkı adlandırılan yeni milli parkın yaradılmasına iki ildən artıqdır ki, başlamışıq. Həmin milli park Şuşa rayonunun ərazisindən başlamaqla cənub-qərbdə Laçın yasaqlığından keçəcək, şimal hissədə Göygöl Milli Parkına uzanan bir ərazidə yerləşəcək. Ekosistemin qorunması, eyni zamanda, orada olan fauna növlərinin populyasiyası və ekodəhliz baxımından çox əhəmiyyətli bir ərazidir. Hazırda milli parkda işlər yekunlaşmaq mərhələsindədir. Bu il həmin milli parkın yaradılması əzmindəyik.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
"Bu ildən Şərqi Zəngəzur iqtisadi rayonunda iki fərqli istiqamətdə yeni yaradılması nəzərdə tutulan milli parkların ərazilərində çöl-tədqiqat, monitorinq işlərinə başlamışıq. Bunlardan biri Laçın rayonu ərazisində yerləşəcək, yəni Ermənistanla həmsərhəd ərazidən başlayaraq Qaragöl Dövlət Təbiət Qoruğu da daxil olmaqla 100 min hektardan artıq ərazini əhatə edəcək. Hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Çöl-tədqiqat işləri bitdikdən, əsaslandırma və razılaşdırma mərhələsindən sonra konkret sərhədlər müəyyən olunacaq. Yaradılacaq milli parkın yerləşdiyi ərazi 2 min - 2 min 500 metr yüksəklikdə olan zirvələri əhatə edir. Dağ, meşəlik və göllər olan ərazilər bu yerlər üçün xarakterikdir. Şərqi Zəngəzur iqtisadi rayonunda digər bir milli parkın Zəngilan rayonu ərazisində yaradılması nəzərdə tutulur. Onun ərazisinə Arazboyu Dövlət Təbiət Yasaqlığı (2 min hektar), Bəsitçay Dövlət Təbiət Qoruğu (107 hektar) və 7 min 500 hektardan çox olan digər ərazilərin daxil edilməsi və ümumi sahəsinin 9 min 700 hektar civarında olması nəzərdə tutulur. Hazırda bu istiqamətdə də çöl-tədqiqat işlərinə başlanılıb. Növbəti mərhələlərdə ərazinin razılaşdırılması prosesi həyata keçiriləcək", - X.Mirzəyev bildirib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun