Aparıcı Vüsalə Əlizadə gənclərin ailə qurarkən maddi məsələləri nəzərə almalı olduqlarını deyərək diqqətləri üzərinə çəkib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, indiki dövrdə düşünmədən addım atmaq doğru deyil:
“Bəziləri deyir ki, pul üzərində ailə qurmaq olmaz. Amma bu gün gənclər düşünərək qərar verməlidir. Bir gənc öz ayaqları üzərində dura bilmirsə, maaşı yoxdursa, ata-ananın ümidinə yaşayırsa və evi belə yoxdursa, “Allah kərimdir, kirayədə yaşayarıq, sonra düzələr” deməklə ailə qurmaq doğru deyil. Bu sevgi artıq “Leyli və Məcnun” dövründə qalıb. Onlar belə qovuşa bilmədi”.
Aparıcı xüsusilə qız analarına müraciət edərək övladlarını işsiz və gəliri olmayan gənclərə ərə verməməyə çağırıb. Onun sözlərinə görə, kirayədə yaşamaq mümkündür, lakin qarşı tərəfin bacarığı və gələcək üçün planları mütləq nəzərə alınmalıdır:
“Əsas odur ki, insanın potensialı olsun. Bilməlisən ki, qarşı tərəf beş-on il ərzində qəpik-qəpik yığıb nəsə edə biləcək qabiliyyətdədir. Bəzən gənclər hər şeyə göz yumaraq ailə qururlar. Oğlanlar bəzən müxtəlif yalanlarla qızların etibarını qazanır. Evləndikdən sonra isə məlum olur ki, onun xeyli borcu var imiş.
Bu yaxınlarda eşitdiyim bir hadisə bir qız anası kimi məni də narahat etdi. Valideyn mütləq maraqlanmalıdır ki, gənc nə işlə məşğuldur, hara gedir, haradan gəlir. Kiminsə qızını bədbəxt etmək olmaz. Yenə də məsuliyyət müəyyən qədər valideynlərin üzərinə düşür. Gənclər də anlayışlı olmalıdır. Sevgidən danışırlar, amma ailə qurmaq üçün müəyyən qazancın olması və kişinin ailədə söz sahibi olması vacibdir”.
Könül
Musavat.com