ain.az, Bizimyol saytına istinadən bildirir.
İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin yeni ali lideri Müctəba Xamenei son hadisələr zamanı yaralanıb. Nazirliyin açıqlamasına görə, o zədə alsa da, hazırda özünü yaxşı hiss edir və vəziyyəti stabildir. Rəsmi məlumatda qeyd olunub ki, Müctəba Xameneinin səhhəti nəzarət altındadır və həyatı üçün təhlükə yoxdur.
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın təhlükəsizlik sistemi ənənəvi dövlət modelindən fərqlənir. Politoloqun sözlərinə görə, ölkədə təhlükəsizlik strukturları bir neçə paralel institut üzərində qurulub, bu qurumlar arasında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Kəşfiyyat Nazirliyi mühüm rol oynayır. Mərahim Nəsib qeyd edib ki, bu model hakimiyyətin qorunması üçün nəzərdə tutulsa da, bəzi hallarda qərarvermə və koordinasiya prosesində mürəkkəblik yaradır: "İran rəhbərliyinə qarşı baş verən hücumlar təkcə daxili təhlükəsizlik zəifliyi ilə bağlı deyil. Regionda artan geosiyasi gərginlik və yüksək texnologiyalı kəşfiyyat imkanları da bu cür hadisələrin baş verməsində mühüm rol oynayır".
Mərahim Nəsib
Mərahim Nəsib hesab edir ki, çoxqatlı təhlükəsizlik sistemi ilk baxışdan hakimiyyətin qorunması üçün əlavə təminat yaratsa da, bəzi hallarda operativ qərarvermə prosesini çətinləşdirir: "Müxtəlif güc mərkəzlərinin mövcudluğu məlumat axınının parçalanmasına və təhlükəsizlik qərarlarının gecikməsinə səbəb ola bilər. İranın təhlükəsizlik sisteminin əsas zəif tərəflərindən biri də, məhz bu çoxmərkəzli struktur və institutlar arasında rəqabət elementinin olmasıdır".
Ekspert əlavə edib ki, İranın qarşılaşdığı digər problemlərdən biri də xarici kəşfiyyat şəbəkələrinin ölkə daxilində fəaliyyət imkanları ilə bağlıdır: "Xüsusilə Mossad tərəfindən İran daxilində həyata keçirildiyi iddia olunan gizli əməliyyatlar və hədəfli hücumlar bu ehtimalları daha da gücləndirib. Bu da göstərir ki, məsələ yalnız fiziki mühafizə ilə bağlı deyil, həm də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin effektivliyi ilə bağlıdır".
Mərahim Nəsib bildirib ki, regionda davam edən qarşıdurmalar fonunda İran rəhbərliyinin təhlükəsizliyi məsələsi ölkənin siyasi sabitliyi və dövlət institutlarının effektiv fəaliyyəti baxımından mühüm mövzu olaraq qalmaqda davam edəcək.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.