AZ

Akif Nəsirli: “Onlayn platformalarda şəxs bundan davamlı gəlir əldə edirsə, iqtisadi fəaliyyət kimi qiymətləndirilə bilər”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnzibati Xətalar Məcəlləsinə (İXM) "Dilənçiliklə məşğul olma" adlı ayrıca yeni maddənin əlavə edilməsi təklif olunur. Bizimyol.info bildirir ki,, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Sənədə əsasən, yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlbinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs veriləcək. Mövcud qanunvericiliyə görə, dilənçiliklə məşğul olma əməli İXM-nin "Avaralıqla məşğul olma" maddəsində bənd olaraq yer alırdı.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cərimə və ya inzibati həbs kimi tədbirlər dilənçiliyin təşkilatlanmış formalarına qarşı müəyyən təsir göstərə bilər: “Dilənçiliklə bağlı ayrıca inzibati məsuliyyətin müəyyən edilməsi dövlətin ictimai yerlərdə nizam-intizamı qorumaq və bu fenomeni nəzarətdə saxlamaq cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin 100–200 manat məbləğində cərimənin problemin köklü şəkildə azalmasına səbəb olacağı çox mübahisəli məsələdir. Çünki dilənçiliklə məşğul olan insanların böyük hissəsi bunu sosial-iqtisadi çətinliklər səbəbindən edir. Maddi imkanı çox məhdud olan şəxslər üçün cərimə tətbiqi bəzən problemin həllinə yox, sadəcə həmin insanların daha da ağır vəziyyətə düşməsinə gətirib çıxara bilər. Belə hallarda inzibati cəza sosial problemi aradan qaldırmaqdan daha çox onu hüquqi müstəviyə keçirir.

Digər tərəfdən, cərimə və ya inzibati həbs kimi tədbirlər əsasən dilənçiliyin təşkilatlanmış formalarına qarşı müəyyən təsir göstərə bilər. Bəzi hallarda küçə dilənçiliyi fərdi yox, qrup və ya şəbəkə xarakteri daşıyır və xüsusilə uşaqların bu fəaliyyətə cəlb edilməsi müşahidə olunur. Qanunda yetkinlik yaşına çatmayanların dilənçiliyə cəlb edilməsinə görə daha sərt cəzanın nəzərdə tutulması da məhz bu cür halların qarşısını almağa yönəlib. Bununla belə, yalnız inzibati sanksiyalarla dilənçiliyin tam aradan qaldırılması real görünmür”.

Akif Nəsirli

Onlayn platformalarda edilən pul yığımı xüsusilə "TikTok" kimi platformalarda iqtisadi fəaliyyət sayıla bilər, yoxsa dilənçilik kimi qiymətləndirilməlidir?

“Onlayn platformalarda, xüsusilə "TikTok" kimi sosial şəbəkələrdə edilən pul yığımı isə daha mürəkkəb məsələdir. Bəzi hallarda insanlar canlı yayım zamanı izləyicilərdən könüllü ianələr və ya hədiyyələr alırlar və bu, platformanın daxili mexanizmi vasitəsilə həyata keçirilir. Əgər bu fəaliyyət müntəzəm xarakter daşıyır və şəxs bundan davamlı gəlir əldə edirsə, iqtisadi fəaliyyət kimi qiymətləndirilə bilər və vergi məsələləri gündəmə gələ bilər. Lakin bəzi hallarda insanların açıq şəkildə maddi yardım istəməsi cəmiyyət tərəfindən dilənçiliyin rəqəmsal forması kimi də qəbul edilir. Hüquqi baxımdan isə bu sahə hələ bir çox ölkələrdə tam dəqiq tənzimlənməyib və adətən platforma qaydaları, vergi qanunvericiliyi və ianə mexanizmləri çərçivəsində qiymətləndirilir.

Bu səbəbdən problemə yalnız cəza mexanizmi prizmasından yanaşmaq kifayət etmir. Sosial müdafiə sisteminin gücləndirilməsi, aztəminatlı ailələrə dəstəyin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və sosial xidmətlərin əlçatanlığının yaxşılaşdırılması dilənçiliyin azalmasına daha uzunmüddətli və təsirli nəticə verə bilər. Sosial problemlərin əsas səbəbləri aradan qaldırılmadıqca, inzibati cərimələr və qadağalar çox vaxt yalnız problemin görünən tərəfini məhdudlaşdırır, lakin onun mahiyyətini dəyişmir”-deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
bizimyol.info

1Mənbələr