AZ

Lerikdə 727 ha meşə torpağının kateqoriyası dəyişdiriləcək

Lerikdə 727 ha meşə torpağının kateqoriyası dəyişdiriləcək.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edək ki, Lerik rayonunda 17 kənd dövlət meşə fondu torpaqlarında yerləşir. Bu torpaqların ümumi sahəsi 477 ha təşkil edir. Vaxtilə bu torpaqlar dövlət meşə fonduna daxil edilmişdir. Həmin kəndlərdə yaşayan vətəndaşlar öz evlərinə çıxarış ala bilmirlər. Eyni zamanda, torpaq islahatı zamanı 3 yaşayış məntəqəsində 250 ha dövlət meşə fondu torpağı vətəndaşlara pay torpağı kimi verilib. Ümumilikdə 727 ha təşkil edən bu torpaqların təyinatının dəyişdirilməsi və onların başqa torpaqlarla əvəzləşdirilməsi məsələsi qaldırılıb.

Hesabatda bildirilib ki, məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin sifarişi əsasında respublikanın rayonları, o cümlədən Lerik rayonu üzrə meşə quruluşu xəritələri hazırlanmaqdadır: “Lerik Rayon İcra Hakimiyyəti tərəfindən məntəqələrin hüdudları daxilində olan meşə ilə örtülü olmayan 477 ha, torpaq islahatı aparılan zaman vətəndaşlara pay torpağı kimi verilmiş 250 ha, ümumilikdə 727 ha torpaq sahəsinin meşə fonduna aid olmayan meşə ilə örtülü sahələrlə əvəz olunması nəzərdə tutulan ərazilər müəyyən edilmiş və hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə çöl-ölçmə işləri görülür. Qeyd olunan torpaq sahələrinin koordinatları bir daha dəqiqləşdirildikdən sonra yerquruluşu planlarının hazırlanması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, meşə fondu torpaqlarının digər torpaqlarla əvəzləşdirilməsi və kateqoriyasının dəyişdirilməsi məsələsinə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın tələbləri çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin müraciəti əsasında baxılacaq”.

Seçilən
51
3
apa.az

4Mənbələr