AZ

“Sabah”ı kim və nə dayandıra bilər? - Aslan Kərimov deyir ki...

Bu mövsüm Azərbaycan çempionatında nadir hallarda gördüyümüz çempionluq intriqası yaşanır. Uzun illərdi ölkə futbolunda hegemonluq edən, titulları sıralayan “Qarabağ”a “əlcək atan” komanda var. “Sabah” ölkə futbolunun bugünü və sabahı olmağa iddialıdı. Uzun müddətdi lider olan Valdas Dambrauskasın komandası ən yaxın izləyicisini – son çempion “Sabah”ı 7 xal qabaqlayır.


Düzdü, ağdamlıların ehtiyatda bir oyunu da var. Bəs bundan sonra paytaxt təmsilçisini kim və nə dayandıra bilər? “Qarabağ” indi çempionluğa, yoxsa ölkə kubokunu qazanmağa köklənməlidi? Təcrübəli mütəxəssis Aslan Kərimov “Football-plus.az”ın suallarını cavabladı:

“Ölkə çempionatında istənilən rəqibi istənilən rəqib saxlamaq iqtidarındadı. “Sabah” yaxşı performans yaxalayıb, bunu hər oyun bir neçə qol vurmaqla təsdiqləyir. “Qarabağ” öz yerində, “bayquşlar”ın “Neftçi”, “Turan Tovuz”, “Zirə” ilə oyunları da asan olmayacaq. “Qəbələ”yə 7 qol vurmaq güc göstəricisidi. Amma bu o demək deyil ki, həmin nəticəni bütün komandalara qarşı göstərə bilərlər. Ardıcıl qələbələr qazanmaq çətin olacaq. “Sabah” çempion olmaq istəyirsə, bu heç də asan baş verməyəcək. Başqaları liderə qarşı ikiqat motivasiya ilə oynayacaq. Digər tərəfdən, “Qarabağ”, ümumiyyətlə, düşünməz ki, kubokda şans qalmayıb, çempionata köklənək. Məncə, ağdamlıların da birinci hədəfi çempionluqdu. Bu yolda xal itirməməyə çalışacaqlar. ÇL-lə paralel çempionatda mübarizə aparmaq çətin idi. Heyət dəyişəndə keyfiyyətə və nəticələrə təsir edirdi. Buna görə də 7 xallıq fərq yarandı. İndi isə çempionata daha rahat köklənəcəklər. Qarşıda onları kubok oyunları gözləsə də, prioriter çempionat olacaq. Şəxsi oyunlarda “Qarabağ” qalib gəlsə, xal fərqi daha da azalacaq. Hər iki komandanın bütün oyunlarda qələbə qazanması o qədər də asan olmayacaq. “Sabah”ın təcrübəsinin az olması da onu deməyə əsas verir ki, hardasa büdrəyə, xal itkisinə məruz qala bilərər. Yetərincə çox oyun qalıb. Çempionatın sonları olduqca maraq doğurur. Hər iki komandanın çempionun kimliyi ilə razılaşdığına inanmıram. Hər an vəziyyət dəyişə bilər. Heç nə bitməyib, mübarizə sonadək davam edəcək”.


MÜZƏFFƏR QULUZADƏ
Seçilən
14
1
football-plus.az

2Mənbələr