Azərbaycan ailələrində Ramazan bayramı uzun illərdir müxtəlif dini və milli adət-ənənələrlə qeyd olunur. Lakin zaman keçdikcə bu ənənələrin bəziləri qorunub saxlanılsa da, bəziləri isə tədricən unudulmağa başlayıb. Görəsən, bu dəyişikliklərin əsas səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Ramazan ayında və bayram günlərində icra olunan bir sıra ənənələr bu gün də müəyyən bölgələrdə qorunaraq davam etdirilir.

Onun sözlərinə görə, bu bayramın əsas məqsədi insanlar arasında sosial münasibətlərin möhkəmləndirilməsi və yardımlaşmanın təşviq olunmasıdır:
“Ramazan bayramında fitrə zəkatı verilir, insanlar bayram namazında bir araya gələrək kollektiv ibadət edirlər. Bunlar həm dinin tələbi, həm də artıq cəmiyyətimizdə adət halını almış ənənələrdir.
Əvvəllər Ramazan ayında ağsaqqallar küsülü insanların barışmasına da vasitəçilik edərdilər. Çünki İslamda bir müsəlmanın digər müsəlmanla üç gündən artıq küsülü qalması böyük günah hesab olunur. Bu səbəbdən insanlar Ramazan ayında aralarındakı inciklikləri aradan qaldırmağa çalışırdılar. Lakin bu ənənə bu gün demək olar ki, itib”.
Tural İrfanın sözlərinə görə, əvvəlki illərdə Ramazan ayında hər gün müxtəlif evlərdə iftar süfrələri açılar, imkansız ailələr üçün də yemək və ərzaq aparılardı. Bəzən isə ümumi iftar süfrələri təşkil olunaraq maddi imkanı zəif olan insanlar da dəvət edilərdi.
“İndi isə çox vaxt iftar süfrələrinə əsasən qohumlar dəvət olunur. Bəzən oruc tutmayan, varlı insanların iftar adı ilə toplanması halları da olur ki, bu düzgün deyil.
Əvvəllər Ramazan ayında tacirlər və dükan sahibləri də müəyyən güzəştlər edər, hətta bəzən borcları silərdilər ki, insanlar bayrama borcsuz çatsın. Lakin hazırda bəzi hallarda əksinə, qiymətlərin artması müşahidə olunur, – deyə o, bildirib.
Tural İrfanın fikrincə, bu dəyişikliklərin bir neçə səbəbi var. Onlardan biri insanların sosial münasibətlərində müəyyən soyuqlaşmanın yaranmasıdır. Digər səbəb isə müasir texnologiyaların təsiridir.
“Əvvəllər insanlar bir-birinin evinə gedər, şəxsən maraqlanardı. İndi isə çox vaxt telefon zəngi ilə əlaqə saxlanılır, yardımlar da kart vasitəsilə edilir. Bu, müəyyən hallarda yaxşı olsa da, canlı ünsiyyət insanları daha sıx birləşdirirdi.
Bəzi dövrlərdə xarici təsirlərə bağlı din xadimlərinin mənfi təbliğatı da dini və milli dəyərlərin zəifləməsinə təsir göstərib. Lakin sağlam dini maarifləndirmə ilə bu ənənələrin yenidən bərpa olunmasının mümkündür, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, bəzi rayonlarda bayram günü kənd sakinlərinin bir-birinin qapısını döyərək bayramlaşması ənənəsi hələ də yaşadılır. Bu cür adətlər yerli milli ənənələrlə birləşərək cəmiyyətdə müsbət sosial mühit formalaşdırır.
Aynurə İsmayıl
KONKRET.az