AZ

“Dünya ölkələrinin 38 40 faizi ciddi risklər və ya enerji böhranı təzyiqi ilə üz üzədir” KOMİTƏ SƏDRİ

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Yaxın Şərq regionunda baş verən son hadisələr enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Müxtəlif beynəlxalq hesabatlar göstərir ki, bu gün dünya ölkələrinin təxminən 38–40 faizi enerji təchizatı ilə bağlı ciddi risklər və ya enerji böhranı təzyiqi ilə üz-üzədir”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, enerji təhlükəsizliyi yalnız iqtisadi inkişafın təmin edilməsi ilə məhdudlaşmır, eyni zamanda dövlətlərin siyasi sabitliyi və sosial rifahı üçün strateji amilə çevrilib.

“Enerji sektorunda yaranan qeyri-sabitlik həmçinin qida təhlükəsizliyi ilə də birbaşa əlaqəlidir. Müasir kənd təsərrüfatı sisteminin mühüm komponentlərindən biri olan mineral gübrələrin istehsalı enerji resurslarından, xüsusilə təbii qazdan yüksək dərəcədə asılıdır. Azot əsaslı gübrələrin istehsalı ammonyak texnologiyası vasitəsilə həyata keçirilir və bu prosesdə təbii qaz əsas xammal rolunu oynayır. Bu səbəbdən enerji qiymətlərində baş verən dəyişikliklər qlobal gübrə bazarına, bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsal xərclərinə və nəticə etibarilə ərzaq qiymətlərinə birbaşa təsir göstərir.

Bu sahədə Yaxın Şərq və Körfəz regionu xüsusi rol oynayır.

Məsələn, bəzi hesablamalara görə, dünya üzrə karbamid (urea) ticarətinin təxminən yarısı məhz bu regiondan həyata keçirilir və bu ticarətin böyük hissəsi strateji nəqliyyat marşrutu olan Hörmüz boğazı vasitəsilə daşınır”.

Komitə sədri deyib ki, regionda yaranan gərginliklər gübrə bazarında qiymətlərin kəskin artmasına səbəb olur və nəticə etibarilə qlobal qida sistemində əlavə risklər formalaşdırır. Bu baxımdan enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və geosiyasi sabitlik arasında güclü qarşılıqlı əlaqə mövcuddur.

“Müasir qlobal çağırışlar fonunda dövlətlər yalnız enerji istehsalının artırılması istiqamətində fəaliyyət göstərmir, eyni zamanda iqlim siyasətini gücləndirməyə çalışırlar. Çünki enerji istehsalı, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik bir-biri ilə sıx bağlı olan strateji sahələrdir.

Bir çox ölkələrdə qəbul olunan iqlim qanunları emissiyaların tənzimlənməsi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün hüquqi və institusional mexanizmlər formalaşdırır.

Bu kontekstdə Azərbaycanın da müasir çağırışlara uyğun İqlim Qanunu qəbul etməsinə ehtiyac var və bu qanun xüsusi əhəmiyyət daşıya bilər.

Belə bir qanun emissiyaların ölçülməsi və uçotu sisteminin yaradılması, karbon bazarının formalaşdırılması və iqlim tədbirlərinin şəffaf şəkildə monitorinqi üçün müasir institusional mexanizmlər yarada bilər. Bununla yanaşı karbon kreditlərinin beynəlxalq ticarəti vasitəsilə ölkəyə əlavə maliyyə resurslarının cəlb edilməsi, innovativ texnologiyaların transferi və aşağı karbonlu iqtisadiyyat modelinə keçidin sürətləndirilməsi mümkün olacaqdır”.

“AzPolitika”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
4
azpolitika.info

6Mənbələr