AZ

EMTA və GNERC təcrübə mübadiləsini sürətləndirir

Bakı, 13 mart, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) arasında növbəti onlayn seminar keçirilib.

AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə seminarın təcrübə mübadiləsi baxımından səmərəli olacağına ümidvar olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.

Seminarda GNERC-nin Hüquq şöbəsinin baş hüquqşünası Ana Nebieridze “Rəqabətli pərakəndə elektrik enerjisi bazarı çərçivəsinin yaradılması: Gürcüstan təcrübəsindən nəticələr”, Hüquq şöbəsinin baş mütəxəssisi Maya Breqvadze “Enerji tənzimlənməsində maraqlı tərəflərin iştirakını təmin etmək üçün yanaşmalar” və Mübahisələrin və xidmətlərin idarə edilməsi şöbəsinin direktor müavini Tea Losaberidze “Şikayətlərin baxılması mexanizmləri və mübahisələrin həllinin praktik metodları” adlı təqdimalarla çıxış ediblər.

Daha sonra EMTA-nın Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov “Azərbaycan – Yaşıl enerji məkanı (resurs potensialından regional yaşıl enerji dəhlizlərinədək)” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2024-cü il fevralın 21-də EMTA ilə GNERC arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb. Tərəflər təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində təlimlərin təşkil olunması ilə bağlı razılığa gəliblər.

Seçilən
37
1
azertag.az

2Mənbələr