AZ

Pedaqoji Universitet “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” layihəsinin icrasına başlayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən ümumtəhsil müəssisələrində “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, pilot layihənin əsas məqsədi şagirdlər arasında müşahidə olunan rəqəmsal asılılıq hallarını araşdırmaq, onlarda sağlam və balanslı rəqəmsal davranış bacarıqları formalaşdırmaq və XXI əsr bacarıqlarına uyğun sosial-emosional öyrənmə kompetensiyalarını inkişaf etdirməkdir. Pilot layihəyə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova rəhbərlik edir. Layihənin psixoloqu isə ADPU-nun Pedaqoji-psixologiya kafedrasının müəllimi Könül Xudazadədir. Layihə çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün üç mərhələdən ibarət maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Şagirdlərdə rəqəmsal mühitdən balanslı istifadə vərdişlərinin formalaşdırılması, təhlükəsiz internet davranışı barədə maarifləndirmə, həmçinin müəllim-şagird münasibətlərində empatiya, özünüidarəetmə və effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi layihənin prioritetləri sırasındadır.

Layihənin ilkin mərhələsinə ADPU-nun baza məktəbi olan Bakı şəhəri M. Rahim adına 7 nömrəli tam orta məktəbdə start verilib. Müəllimlərlə keçirilən ilk görüş zamanı şagirdlərin sosiallaşmasına yönəlmiş pedaqoji yanaşmalar, təlim prosesində rəqəmsal pedaqogika və neyropedaqogika elementlərinin tətbiqi barədə təqdimatlar təqdim olunub. Həmçinin şagirdlərin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, emosional rifahı və sosial adaptasiyası ilə bağlı məsələlər müzakirə edilib.

Pilot layihənin digər təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azertag.az

1Mənbələr