"Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunu artıran, regional sabitlik və qlobal əməkdaşlıq çağırışlarını ön plana çıxaran samballı siyasi mesajlar kimi dəyərləndirilə bilər. Çıxışda Azərbaycanın münaqişələrin həlli, enerji təhlükəsizliyi və iqlim gündəliyində oynadığı rol xüsusi vurğulandı".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi.
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar fonunda İlham Əliyevin sülh təşəbbüsləri, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan yanaşma çağırışları həm region, həm də dünya üçün strateji əhəmiyyət daşıyır:

"Bu nitq Azərbaycanın “körpü ölkə” imicini möhkəmləndirərək, onu yalnız regional deyil, həm də qlobal aktor kimi təqdim edir. COP29-a ev sahibliyi məsələsi ölkənin ekoloji liderlik iddiasını gücləndirir, enerji tranzitindəki mövqeyi isə Bakını beynəlxalq enerji mərkəzi kimi təsdiqləyir. Diplomatik ton, milli maraqların müdafiəsi və qlobal əməkdaşlıq çağırışlarının bir araya gətirilməsi çıxışa samballılıq qatır. Beləliklə, İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın siyasi çəkisini artıran, milli maraqları beynəlxalq gündəliklə uzlaşdıran və ölkəni qlobal dialoqun mərkəzinə çıxaran strateji bəyanat kimi qiymətləndirilə bilər. Bu, həm daxili sabitliyin, həm də beynəlxalq nüfuzun gücləndirilməsi baxımından mühüm addımdır".
Xədicə BAXIŞLI