AZ

Azərbaycan yalnız regional siyasətdə deyil, qlobal müzakirələrdə də təşəbbüslər irəli sürən fəal və mühüm aktordur ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər müasir beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalara dair mühüm siyasi mesajlardır. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, sabiq liderlərin, diplomatların və ekspertlərin iştirak etdiyi bu nüfuzlu platforma qlobal problemlərin müzakirəsi üçün vacib dialoq məkanıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bu proseslərdəki mövqeyini, prioritetlərini və strateji baxışını aydın şəkildə ortaya qoydu. Bildirildi ki, hazırda dünya mürəkkəb geosiyasi transformasiya mərhələsindən keçir. Beynəlxalq münasibətlər sistemində balansın dəyişməsi, regional münaqişələrin artması və iqtisadi qeyri-sabitlik qlobal təhlükəsizlik üçün yeni çağırışlar yaradır.

“Bu xüsusda dövlətimizin başçısının vurğuladığı əsas məqamlardan biri beynəlxalq hüququn selektiv tətbiq edilməsinin dünya nizamına mənfi təsir göstərməsi oldu. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri olan ədalət və beynəlxalq hüquqa hörmət prinsipini bir daha ön plana çıxardı. Mesaj o idi ki, qlobal təhlükəsizliyin təmin olunması yalnız bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüququn universal tətbiqi şəraitində mümkündür.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın müstəqil və praqmatik xarici siyasət kursu ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında əlaqələr qurur. Bu siyasət nəticəsində Azərbaycan həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş kimi qəbul edilir. Ölkəmiz, eyni zamanda, regional sabitliyin təminində və dialoq platformalarının yaradılmasında fəal rol oynayır. Bakı artıq beynəlxalq siyasi və humanitar tədbirlərin keçirildiyi mühüm diplomatik mərkəzlərdən birinə çevrilib”, - deyə J.Əliyeva vurğulayıb.

Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi məsələlərinin də xüsusi yer tutduğunu deyən deputat bildirib ki, Azərbaycan uzun illərdir Avropa və digər regionlar üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Həyata keçirilən böyük enerji layihələri dövlət başçısının da qeyd etdiyi kimi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Enerji marşrutlarının şaxələndirilməsi, alternativ mənbələrin inkişafı və yaşıl enerji təşəbbüsləri Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da artırır. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə də xidmət edir.

“Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq perspektivlərinə toxundu. Vurğuladı ki, regionda davamlı sabitliyin təmin olunması üçün qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan münasibətlər qurulmalıdır. Bu mesaj Azərbaycanın regionda uzunmüddətli sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Bu səbəbdəndir ki, Azərbaycanın təşəbbüsləri regionda yeni iqtisadi və logistik layihələrin reallaşması üçün də mühüm imkanlar yaradır”, - deyə o qeyd edib.

J.Əliyeva vurğulayıb ki, Qlobal Bakı Forumu dünya liderlərini və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsi və həlli üçün əməkdaşlıq imkanı yaradır. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin çıxışı isə bu forumun əhəmiyyətini daha da artırdı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan yalnız regional siyasətdə deyil, qlobal müzakirələrdə də təşəbbüslər irəli sürən fəal və mühüm aktordur.

Seçilən
12
1
azertag.az

2Mənbələr