GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs edilib. APA-nın verdiyi məlumata görə, Baş Prokurorluqda aparılan cinayət işi çərçivəsində ona mənimsəmə və vəzifə səlahiyyətindən sui-istifadə ilə bağlı ittiham elan olunub. İddialara görə, Şakir Tarverdiyev Naxçıvanın ehtiyat taxılını satıb.
Strateji məhsulun satışa çıxarılması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisə Naxçıvanda məmur təyinatlarının və kadr islahatlarının effektivliyinə dair suallar və narahatlıq doğurub.
Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, məmur özbaşınalığı yeni məsələ deyil:
“Taxıl, strateji məhsul kimi neft və ya benzin satıldı, büdcədən oğurluq edildi – bunlar hər zaman olub. Hamısı mahiyyət etibarilə eyni şeydir. Düşünmək lazımdır ki, niyə vəzifəyə təyin edilən məmurlar belə davranırlar? Məmurlar həbs olunur, ortaya ciddi faktlar çıxır, məhkəmə çəkişmələri gedir və hər birinin altında külli miqdarda pul, əmlak və mənimsəmə faktları çıxır. Sonra isə proses yenidən davam edir”.
İ.Ağazadə vurğulayıb ki, problemi həll etmək üçün idarəetmə sistemini dəyişmək lazımdır:
“Bu, sistem məsələsidir. Naxçıvanda məmurun taxıl oğurlaması və satışa çıxarması problem deyil, əsas məsələ idarəetmənin düzgün işləməməsidir. Hakimiyyət bu məsələlərə daha ciddi yanaşmalıdır. Yoxsa biri taxıl satacaq, biri rüşvət alacaq, biri oğurlayacaq – bu, dəyişməyən bir proses olacaq. Əgər strategiya və idarəetmə sistemi dəyişməsə, bütövlükdə heç nə həll olunmayacaq”.
Globalinfo.az xatırladır ki, 2022-ci ilin noyabr ayında Naxçıvan MR-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) anti-korrupsiya əməliyyatı keçirdi. Nəticədə xeyli sayda məmur həbs edildi, işdən çıxarıldı. 30 ilə yaxın Naxçıvan Ali Məclisinin sədri vəzifəsini tutan Vasif Talıbov da bu dalğada vəzifədən azad edildi. Onun klanı neytrallaşdırıldı. Prezidentin Sərəncamı ilə Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəliyi təsis edildi. Bu vəzifəyə Fuad Nəcəfli təyinat aldı. F.Nəcəfli sözügedən postda 3 il qala bildi. 2025-ci ilin noyabrında ölkə başçısının sərəncamı ilə vəzifədən azad edildi.
Göründüyü kimi, Naxçıvan MR-də hələlik kadr məsələləri tam oturuşmayıb. Bəzi ekspertlər bunu bölgədə 30 ilə yaxın hökm sürən Vasif Talıbovun qüsurlu idarəçiliyi ilə əlaqələndirirlər. Rəylərə görə, bir müddət sonra Muxtar Respublikada daşlar yerinə oturacaq, idarəetmədə stabillik yaranacaq.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.