AZ

Vəkillər Kollegiyasına bu qədər VƏSAİT ayrılıb – Anar Bağırov açıqladı

“Bu sahəyə ayrılan maliyyə ilbəil yüksəlir. Əgər əvvəlki illərdə ayrılan vəsait daha az idisə, artıq 2026-cı il üçün dövlət büdcəsindən bu məqsədlə ayrılan məbləğ 10 milyon manata çatdırılıb”.

Musavat.com xəbər verir ki, bu sözləri vəkilliyə yeni qəbul olunmuş namizədlərin təntənəli andiçmə mərasimində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Mərasimdə çıxış edən Anar Bağırov ölkədə vəkillik institutunun inkişafı və vətəndaşların hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, son illərdə dövlət tərəfindən hüquqi yardım sisteminin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Kollegiya sədrinin sözlərinə görə, dövlət hesabına hüquqi yardım göstərilməsi üçün hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait artırılır.

Sədr həmçimnin vurğulayıb ki, ayrılan vəsait maddi imkanı məhdud olan şəxslərə dövlət hesabına hüquqi yardım göstərilməsi, cinayət işləri üzrə müdafiə xidmətlərinin təmin olunması və vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə habelə bildirilib ki, ölkədə vəkillik institutunun inkişafı istiqamətində aparılan islahatlar nəticəsində vəkillərin sayı da artmaqdadır.

Hazırda Azərbaycanda fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 min 867 nəfərə çatıb. Bu artım vətəndaşların hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsinin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Xatırladaq ki, son illərdə dövlət hesabına hüquqi yardım üçün ayrılan vəsait ardıcıl şəkildə artırılıb. Belə ki, 2023-cü ildə dövlət büdcəsindən bu məqsədlə təxminən 4 milyon manata yaxın, 2024-cü ildə isə təxminən 4,5 milyon manat vəsait ayrılmışdı. 2025-ci ildə bu istiqamət üzrə ayrılan məbləğin 5 milyon manat civarında olduğu bildirilirdi. 2026-cı il üçün isə bu məbləğ əhəmiyyətli şəkildə artırılaraq 10 milyon manata çatdırılıb ki, bu da dövlət hesabına hüquqi yardım sisteminin maliyyələşdirilməsinin genişləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsinin təmin olunması baxımından mühüm addım hesab olunur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr