AZ

Deputat Hikmət Babaoğlu: Paşinyanın “sülhə mane olmaq istəyən daxili və xarici qüvvələr var” fikri əslində Ermənistanın özünə aiddir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onlar Azərbaycanın daxili siyasi prosesləri ilə tam tanış deyillər. O, həmçinin Ermənistanda sülh prosesinə mane ola biləcək daxili və xarici qüvvələrin mövcud olduğunu vurğulayıb. Paşinyan bəzi qrupların Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunmasını istəmədiyini qeyd edib. Bu isə Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu ilə bağlı suallar doğurur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın son açıqlamalarında bir sıra mühüm məsələlərə toxunulub və onların ən aktualı sülh mövzusudur. Deputatın sözlərinə görə, Paşinyanın “sülhə mane olmaq istəyən daxili və xarici qüvvələr var” fikri əslində Ermənistanın özünə aiddir. “Paşinyan eyni zamanda etiraf edir ki, Azərbaycanın daxili siyasəti ilə bağlı kifayət qədər məlumatı yoxdur. Buna görə də onun səsləndirdiyi fikirlər məhz Ermənistan daxilində baş verən proseslərə işarə edir”, – deyə deputat qeyd edib.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu vurğulayıb ki, Ermənistanda sülhə qarşı çıxan müxtəlif qruplaşmalar mövcuddur. Deputatın sözlərinə görə, 44 günlük müharibədən sonra da sülhə qarşı mövqe nümayiş etdirən qüvvələr açıq şəkildə fəaliyyət göstərirlər: “Bu qruplar Ermənistan parlamentində, müxalifət dairələrində və hətta kilsə strukturlarında təmsil olunurlar. Eyni zamanda Ermənistan cəmiyyətinin müəyyən hissəsində də sülhə qarşı olan mövqelər açıq şəkildə ifadə edilir. Bu proseslər yalnız daxili faktorlarla məhdudlaşmır. Vaxtilə Qarabağda yaşamış və könüllü şəkildə Azərbaycanı tərk etmiş ermənilərə müxtəlif yardımlar və motivasiyaedici vasitələr göndərilməklə, onların sülhə qarşı mövqelərinin gücləndirilməsinə çalışan xarici qüvvələr də mövcuddur. Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir və Paşinyanın səsləndirdiyi fikirlər müəyyən mənada reallığı əks etdirir”.

Deputatın fikrincə, Paşinyanın bu açıqlaması həm də onun siyasi komandasına yönəlmiş bir xəbərdarlıq kimi qiymətləndirilə bilər, çünki Ermənistanda seçkilər yaxınlaşır və Paşinyan sülh tərəfdarlarını öz ətrafında cəmləşdirməyə çalışır: “Yalnız bu halda paraflanmış sülh sənədinin növbəti mərhələyə – imzalanma mərhələsinə keçməsi üçün real zəmin yarana bilər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr