AZ

Naxçıvanda cəzaçəkmə müəssisəsində fövqəladə hallarla bağlı təlim keçirilib

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə qarışıq rejimli cəzaçəkmə müəssisəsində qapalı müəssisələrdə fövqəladə hadisələr və yanğın zamanı görüləcək işlərlə bağlı seminar-müşavirə və praktiki məşğələ keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, təlimin keçirilməsində məqsəd Penitensiar Xidmət əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğından mühafizə bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Tədbirin nəzəri hissəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovniki Əli Rəhimov çıxış edərək təlimin əhəmiyyətindən danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov muxtar respublika ərazisi üçün səciyyəvi olan fövqəladə hallar zamanı davranış qaydaları, qapalı müəssisələrdə ehtimal olunan risk və təhlükələrdən qorunma yolları barədə ətraflı məlumat verib. Nazirliyin digər əməkdaşları isə müəssisələrdə və yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb, “112” qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə Hissələrinin “101” xidmət nömrəsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Təlimin praktiki hissəsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası cəlb olunub. Müəssisə ərazisində şərti yanğınla bağlı “Həyəcan” siqnalı verildikdən sonra xəsarət alanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi və ərazidə baş verən şərti yanğının söndürülməsi istiqamətində əməliyyat məşqi həyata keçirilib.

Məşq zamanı müəssisə əməkdaşları ilə yanğından mühafizə bölmələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi də sınaqdan keçirilib.

Uğurla başa çatan təlimdən sonra əldə olunan nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim edilib.

Seçilən
20
2
apa.az

4Mənbələr