İranın Ankaradakı səfiri deyib ki, Türkiyə istiqamətinə raketlərin atılması “bizim üçün də sual olaraq qalır”.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İran İslam Respublikasının Ankaradakı səfiri Həbibollazadə İrandan Türkiyə istiqamətinə atılan raketlərlə bağlı şərh verib.
Səfirin sözlərinə görə, Tehran Türkiyənin suverenliyinə hörmətlə yanaşır.
O, həmçinin İranın rəsmi şəxslərinin bu atəşlərdə ölkənin hər hansı iştirakı olmadığına dair bəyanatlarını xatırladıb.
Jurnalistlərlə söhbəti zamanı səfir qeyd edib: “Biz bu vəziyyətin nizamlanması və fikir ayrılıqlarının aradan qaldırılması üçün təklif irəli sürmüşük.
Məsələnin daha dərindən araşdırılması üçün texniki qrupun yaradılmasını təklif etdik. Çünki bu, bizim üçün də sual olaraq qalır: belə bir hadisə necə baş verə bilərdi?”.
Səfir həmçinin bu hərəkətlərin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirmək istəyən “üçüncü tərəflər” tərəfindən törədilmə ehtimalını da vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az