ABŞ və İsrailin İrana hücumundan sonra idmanla siyasət də üz-üzə gəlib. Məlumdur ki, bu il iyun-iyul aylarında keçiriləcək futbol üzrə Dünya Çempionatı-2026-ya vəsiqə qazanan ölkələrdən biri də cənub qonşumuzdur. Turnir ABŞ, Kanada və Meksikada baş tutacaq. İran yığması DÇ-2026-nın final mərhələsində Belçika, Misir və Yeni Zelandiyanın da yer aldığı G qrupunda mübarizə aparacaq və komandanın hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır.
Hərbi toqquşma fonunda Ağ Ev sahibi Donald Trampın İran millisinin dünya çempionatında iştirakının arzuolunmaz olması ilə bağlı verdiyi açıqlama çoxsaylı suallar yaradıb. Tehran tərəfi Trampa sərt reaksiya verərək bəyanat yayıb:
“Dünya çempionatı tarixi beynəlxalq tədbirdir və onu hər hansı bir ölkə deyil, FİFA təşkil edir. İran milli komandası da bu turnirə tam haqlı olaraq və ardıcıl qələbələr sayəsində vəsiqə qazanan ilk komandalardan biri olub. Əlbəttə ki, heç kim İran milli komandasını dünya çempionatından kənarlaşdıra bilməz. Əksinə, sadəcə ev sahibi tituluna sahib olan, lakin bu tədbirdə iştirak edən komandaların təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olmayan ölkə yarışdan kənarlaşdırılmalıdır”.
İranın bu bəyanatı əslində Vaşinqtona verilmiş siyasi cavabdırmı? Həqiqətənmi heç kim İran milli komandasını dünya çempionatından uzaqlaşdıra bilməz, yoxsa müəyyən hallarda FİFA belə bir qərar qəbul edə bilər? Əgər regional gərginlik və ya müharibə riski artarsa, İran millisinin turnirdə iştirakı təhlükəsizlik baxımından sual altına düşə bilərmi? ABŞ belə vəziyyətdə iranlı futbolçuların və nümayəndə heyətinin təhlükəsizliyini necə təmin etməlidir?
Beynəlxalq idman qaydalarına görə, ev sahibi ölkə bütün iştirakçı komandalar üçün bərabər və təhlükəsiz şərait yaratmağa borcludur. Lakin siyasi münasibətlər gərgin olduğu halda bu öhdəliyin icrası nə dərəcədə realdır? Yay aylarına qədər beynəlxalq vəziyyət dəyişə və İran millisinin turnirdə iştirakı sual altına düşə bilərmi? Əgər belə bir qərar qəbul olunsa, İranın yerini başqa hansı komanda tuta bilər, yoxsa həmin kvota boş qalacaq?

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a dedi ki, İran ətrafında baş verən hadisələr dünya futboluna böyük ölçüdə təsir edir:
“Trampın İran millisi ilə bağlı açıqlaması, bu yığmanın DÇ-yə gəlməsinin məqbul olmadığını deməsi, FİFA-nın imicinə böyük zərbədir. ABŞ prezidenti belə açıqlama ilə sübut edir ki, hər nə istəsə edə bilər, hətta futbol qaydalarını da dəyişə bilər. Qayda isə bunu deyir: İran yığması DÇ-yə vəsiqə əldə edib, bu vəsiqəni ondan kimsə ala bilməz. ABŞ isə mundialın təşkilatçı ölkələrindən biridir. Bu hüquqa sahib olmazdan əvvəl ABŞ öhdəlik götürüb: bütün iştirakçıların təhlükəsizliyi təmin olunacaq. Ona görə də ABŞ-ın boynunun borcudur ki, İran yığmasının təhlükəsizliyinə təminat versin.
Amma indi dünyada qayda-qanun anlayışı yoxdur. Bundan sonra hər şey ola bilər. Sabah Tramp desə ki, İran yığması ABŞ-a gəlməməlidir, böyük ehtimalla, FİFA onun bu istəyini reallaşdırmaq üçün bəhanə tapacaq. Çünki artıq FİFA prezidenti Canni İnfantino da futbol təşkilatının rəhbəri yox, Trampın məddahıdır. Onu da qınamaq olmur, İnfantino futbolun mənafeyini düşünsə, Trampın qəzəbinə tuş gələ və sonunu gətirə bilər. Təəssüf ki, hazırda dünyada real durum belədir. O səbəbə “İrandan vəsiqəni heç kim ala bilməz” iddiası öz əhəmiyyətini itirir. Tramp bunu tələb etsə, FİFA öz qaydalarını pozmalı olacaq.
Təsadüfi deyil ki, baş verən hadisələrin fonunda artıq DÇ-2026 kimsəni maraqlandırmır. İnfantinonun ara-sıra pafoslu açıqlamalar verməsi də mundialı gündəmdə saxlamaq cəhdidir. Ancaq hazırda dünya əhalisi futbol hayında deyil. Üstəlik, futbol siyasi alətə çevrildiyi üçün təsir gücünü sürətlə itirir. Bütün bu amilləri nəzərə alsaq, İran yığmasının DÇ-də iştirak edib-etməyəcəyi bəlli deyil. İran özü bundan imtina etməyəcək. Çünki belə halda FİFA üçün göydəndüşmə fürsət yaranacaq. FİFA İrana qarşı sərt sanksiyalar tətbiq edəcək. Baxmayaraq ki, İrandan fərqli açıqlamalar gəlir. Bir rəsmi “gedəcəyik”, digəri “getməyəcəyik” deyir. Bu da onu göstərir ki, İranda hakimiyyət daxilində xaos yaşanır. Amma yəqin ki, imtinanın bədəlinin ağır olacağını düşünüb bu addımı atmayacaqlar”.
Bəs Tramp “İran gəlməməlidir” desə necə olacaq?
Müsahibimizin fikrincə, onda FİFA bəhanə axtarmalı olacaq:
“Bununla da futbolun bütün dünyada imicinə böyük zərbə dəyəcək. Məlum olacaq ki, FİFA vaxtilə ABŞ-ın keçirdiyi korrupsiya əməliyyatından sonra bu ölkənin əlində manipulyasiya alətidir. Bu gün futbol barışdırmır, birləşdirmir. Bu gün futbol ayırır, uzaqlaşdırır. Bu gün futbol artıq siyasilərin nəzarətindədir. Bir şey siyasətin nəzarətindədirsə, orada dəyərlərdən söhbət gedə bilməz. Bir sözlə, futbol öldürülür”...
Cavanşir ABBASLI,
Musavat.com