AZ

Suveren iradənin və vasitəçisiz sülhün Bakı modeli



Abel Məhərrəmov,
akademik, Əməkdar elm xadimi


12 mart 2026-cı il. Bakı bu gün qlobal siyasi iradənin, ədalətin və yeni dünya nizamının müzakirə edildiyi ən mötəbər tribunadır. Dünyanın taleyini müəyyən edən fikir nəhənglərinin, dövlət xadimlərinin və diplomatların bir araya gəldiyi XIII Qlobal Bakı Forumu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" kimi taleyüklü bir missiya ilə işə başladı. Lakin bu ilki forumun ruhu tamamilə fərqlidir; çünki bu dəfə Azərbaycan dünya səviyyəli Formula sadəcə ev sahibliyi etmir, həm də onilliklər boyu həllini tapmayan münaqişələri öz gücü və zəkası ilə necə tarixin arxivinə göndərməyin canlı dərsini keçir. Cənab Prezident İlham Əliyevin forumun açılışındakı çıxışı müasir dünyanın sarsılan sütunları fonunda Azərbaycanın sarsılmaz sabitlik adasına çevrilməsinin və beynəlxalq münasibətlərdə yeni bir suverenlik erasının başlanmasının manifestidir.

Cənab Prezident İlham Əliyev çıxışında müasir dünyanın ən mühüm reallığını xüsusi qətiyyətlə vurğuladı: “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.” Dövlət başçısı qeyd etdi ki, builki forumun gündəliyi olduqca geniş olsa da, müzakirələrin mərkəzində dayanan əsas amil məhz bölgəmizdə və dünyada mövcud olan hərbi-siyasi vəziyyətdir. "Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır," – deyən cənab Prezident, təhlükəsizliyin olmadığı bir mühitdə iqtisadi tərəqqinin, sosial rifahın və mədəni inkişafın nə dərəcədə kövrək olduğunu diqqətə çatdırdı. Öz inkişafı uğrunda illər, onilliklər boyu gərgin səy göstərmiş ölkələr bu gün gözlənilməz və ciddi risklərlə üz-üzədirlər. Bu reallıq bəşəriyyəti bir nöqtədə birləşməyə səsləyir: Təhlükəsizlik inkişafın əsas amilidir və biz bütün səylərimizi məhz bu təməlin qorunması istiqamətində birləşdirməliyik.

Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün heç vaxt kənar bir mövzu olmayıb, bu, dövlətimizin milli maraqlarının nüvəsini təşkil edib. Cənab Prezident xatırlatdı ki, ağır işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin ən ali məqsədi olmuşdur. “Bu gün biz artıq yeddi aydır ki, qürurla sülh şəraitində yaşayırıq. Bu tarixi nailiyyət bir daha sübut edir ki, ədalətli sülhə nail olmaq üçün təkcə arzu kifayət deyil; bunun üçün həm də güclü siyasi iradə, sarsılmaz cəsarət və milli hədəflərə sadiqlik nümayiş etdirmək şərtdir.” Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün təxminən 30 il gözləməli oldu. Lakin bu bərpa prosesi kor-koranə deyil, beynəlxalq hüququn ali prinsipləri əsasında – BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirildi. Bu, Azərbaycanın təkcə öz torpaqlarını deyil, həm də beynəlxalq hüququn tapdanmış ləyaqətini xilas etməsi demək idi.

Cənab Prezident İlham Əliyevin çıxışında toxunduğu ən mühüm və dünya diplomatiyası üçün dərslik mahiyyəti daşıyan növbəti məqam vasitəçilik institutuna baxış və ikitərəfli formatın qələbəsi oldu. Dövlət başçısı qətiyyətlə bəyan etdi ki, Azərbaycan Ermənistanla sülhə məhz kənar vasitəçilər olmadan nail olmağı israr etdi və bu strategiya özünü tamamilə doğrultdu. Özünü "Minsk qrupu" adlandıran vasitəçilərin 28 illik fəaliyyəti region üçün sadəcə bir fəlakət idi. Həmin həmsədrlərin əsl məqsədi heç də münaqişəni ədalətli həll etmək deyil, əksinə, onu dondurmaq, əbədiləşdirmək və bu vəziyyətdən hər iki ölkəyə qarşı bir təzyiq aləti kimi istifadə etmək idi.

Azərbaycan bu dırnaqarası vasitəçilikdən qurtulmaq qərarını verməklə tarixi bir dönüş nöqtəsi yaratdı. Cənab Prezident qeyd etdi ki, heç bir üçüncü tərəf olmadan, birbaşa ikitərəfli formatda fəaliyyətə başlayan kimi sülhə nail olmaq mümkün oldu. Bu, artıq sadə bir nəzəriyyə deyil, Azərbaycanın yaşadığı və bu gün bütün dünyanın şahid olduğu bir reallıqdır. Bu təcrübə sübut edir ki, tərəflər arasında səmimi və birbaşa dialoq olduqda, kənar güclərin maraqlarına xidmət edən mexanizmlərə ehtiyac qalmır.

Cənab Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı bu tarixi çıxışı beynəlxalq münasibətlər sistemində yeni bir "Bakı Doktrinası"nın elanıdır. Dövlət başçısı dünyaya sübut etdi ki, ən mürəkkəb münaqişələrin həlli yolu kənar güclərin diqtəsindən deyil, milli iradəyə söykənən birbaşa dialoqdan keçir. Azərbaycanın 30 illik səbirdən sonra əldə etdiyi hərbi-diplomatik qələbə və yeddi aydır davam edən real sülh, müasir dünya üçün ədalətin bərpası naminə ən mükəmməl nümunədir. Cənab Prezidentin vurğuladığı kimi, sülhdən daha yaxşı heç nə yoxdur və Azərbaycan bu sülhü öz gücü, zəkası və sarsılmaz qətiyyəti ilə qazanmışdır. Bu çıxış sübut edir ki, regionun gələcəyi artıq uzaq paytaxtlarda deyil, məhz Bakıda, Azərbaycanın müəyyən etdiyi sülh və əməkdaşlıq gündəliyi üzərində qurulur.





Seçilən
22
aia.az

1Mənbələr