AZ

Ekranın o biri üzü

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Biz çox vaxt televiziyada gördüyümüz insanları başqa cür təsəvvür edirik. Elə bilirik ki, səhnədə mahnı oxuyan, gülən, tamaşaçıları əyləndirən adamların həyatı da elə həmin səhnə kimi işıqlı və problemsizdir. Sanki onların dərdi, qayğısı olmur. Amma həyatın gerçəyi ekranın o biri üzündə başlayır.

Xalq artisti Ağadadaş Ağayevin efirdə söylədiyi fikirlər bu həqiqəti bir daha xatırlatdı. O, illərin sınağından keçmiş bir insan kimi deyir ki, geriyə qayıtsa, həyatının bir saniyəsini belə dəyişməz. Çünki insanı formalaşdıran təkcə sevinclər deyil, həm də imtahanlardır. Hətta bəzən ən ağır imtahanlar insanı ayaqda saxlayan dayağa çevrilir. Onun qızının xəstəliyi ilə bağlı dedikləri isə həyatın ən həssas tərəflərindən birinə toxunur. Valideyn üçün övlad dərdi dünyanın ən ağır yüküdür. Amma biz səhnədə gördüyümüz insanın üzündəki təbəssümə baxıb düşünürük ki, deməli, hər şey qaydasındadır. Halbuki o təbəssümün arxasında bəzən gecələr boyu çəkilən narahatlıq, qorxu və dua dayanır.

Cəmiyyət olaraq biz çox tez nəticə çıxarırıq. Kiminsə səhnədə oynadığını, mahnı oxuduğunu görürük və qərar veririk ki, bu insanın həyatı rahatdır. Amma bir məntiqi sual var ki, yas məclisində ağı deyən molla bəyəm ən dərdli insan olur? Əlbəttə ki, yox. O, sadəcə öz vəzifəsini yerinə yetirir. Səhnə də bir növ vəzifədir. Sənət adamı səhnəyə çıxanda tamaşaçıya öz dərdini yox, öz sənətini təqdim etməlidir. Tamaşaçı onun səsinə, ifasına, enerjisinə görə oradadır. Heç kim konsertə başqasının kədərini dinləmək üçün getmir. Buna görə də sənətkar çox vaxt öz ağrısını içində saxlayaraq səhnəyə çıxır.

Bəlkə də sənətin böyüklüyü də məhz bundadır. İnsan öz dərdi ilə yaşaya-yaşaya başqalarına sevinc bəxş etməyi bacarır. Bu isə hər adamın bacara biləcəyi bir şey deyil. Ona görə də ekran qarşısında gördüyümüz insanlara baxarkən unutmamalıyıq ki, hər təbəssümün arxasında görünməyən bir həyat var. Bəzən ən şən görünən insanın içində ən böyük sınaqlar gizlənir. Və bəlkə də insanı güclü edən elə həmin sınaqlardır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
bizimyol.info

1Mənbələr