AZ

Tkeşelaşvili: “TRIPP Qafqazın gələcəyini dəyişə bilər” 

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” panelində Gürcüstanın keçmiş baş nazir müavini Eka Tkeşelaşvili çıxış edib.

Musavat.com-un məlumatına görə, Tkeşelaşvili bildirib ki, TRIPP təşəbbüsü regionda sülhün möhkəmlənməsinə mühüm töhfə verə bilər:

“ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması mühüm hadisədir. Bu proses iki ölkə arasında etimadın tədricən formalaşdığını və tərəflərin artıq ikitərəfli formatda danışıqlar apara bildiyini göstərir”.

Eka Tkeşelaşvili qeyd edib ki, Qafqaz və Mərkəzi Asiya regionu hazırda beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamağa başlayıb və strateji tərəfdaş kimi qəbul edilir:

“Əvvəllər bu bölgə böyük güclərin periferiyası, münaqişələrlə və iqtisadi çətinliklərlə üzləşən ərazi kimi qiymətləndirilirdi. Lakin indi Vaşinqton, Brüssel və digər böyük paytaxtlarda regionun sabitlik və inkişaf istiqamətində irəlilədiyi barədə anlayış formalaşıb.
Bu müsbət dəyişikliklərin əsas səbəbi region ölkələrinin liderlərinin məqsədyönlü siyasətidir. İlham Əliyevin regionu Xəzər və Qafqaz məkanında birləşdirmək istiqamətində rolu xüsusilə əhəmiyyətlidir. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin liderlərinin də regional əməkdaşlığın güclənməsində mühüm payı var”.

Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycan regional inteqrasiyanın əsas iştirakçılarından biri kimi çıxış edir. O qeyd edib ki, region artıq xarici güclərdən əvvəlki kimi asılı deyil və strateji qərarları daha çox öz maraqları əsasında qəbul etməyə başlayıb. Dərinləşən əməkdaşlıq nəticəsində isə Qafqaz və Mərkəzi Asiyada yeni bir “regional orta güc” modeli formalaşmaqdadır.

Xalidə Gəray
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr