AZ

COP platformasının səmərəliliyi və iqlim əməkdaşlığı Bakı Forumunda gündəmə gətirilib YENİLƏNİB 

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzusu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, "Fortescue Ltd." şirkətinin Direktorlar Şurasının üzvü Jean Baderschneiderin moderatorluğu ilə keçirilən panel iclasda COP-un qlobal iqlim gündəminin əsas platforması kimi fəaliyyətini davam etdirməsinin vacibliyi, siyasi fikir ayrılıqları və beynəlxalq gərginliklər fonunda COP mexanizminin effektivliyini qorumağın yolları ətrafında fikir mübadiləsi aparılıb.

COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Qlobal Bakı Forumu çərçivəsində hər kəsin öz COP təcrübəsini bölüşə bildiyi mühit yaratdığı üçün Azərbaycana təşəkkür edib: “Biz bu gün də "iki dövlət, tək millət" olmaqdan qürur duyuruq və Azərbaycanda olmaqdan böyük məmnunluq hiss yaşayırıq. Həmçinin qəlbi hər zaman Azərbaycan üçün döyünən Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını, sevgisini bütün azərbaycanlı dostlara və buradakı iştirakçılara çatdırmaq istəyirəm”.

Murat Kurum XIII Qlobal Bakı Forumunun çox kritik bir vaxtda keçirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, dünyada əməkdaşlıq dialoqu sahəsində atılan hər bir addım çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çoxtərəfliliyin böyük təzyiq altında olduğuna diqqət çəkib: “Bütün BMT sistemi böyük təzyiq altındadır. Buna görə də yalnız COP-da müsbət və uğurlu nəticələr əldə etmək üçün deyil, həm də əvvəlki COP-larda razılaşdığımız qərarları həyata keçirmək üçün çox sıx işləməliyik”. Təhlükəsizlik, müdafiə və hərbi çağırışların ölkələri bu istiqamətlərə getdikcə daha çox vəsait ayırmağa vadar etdiyini diqqətə çatdıran M.Babayev dövlətlərin müharibə və münaqişələrdən qorunma yolları axtardıqlarını deyib. Lakin iqlim dəyişikliyi artıq bir reallıqdır və hər kəs bu dəyişikliklərlə üz-üzədir.

Mərakeşin keçmiş xarici işlər və əməkdaşlıq naziri, COP22-nin prezidenti Salaheddine Mezouar bildirib ki, iqlim dəyişikliyi qlobal çağırışdır və bunun həlli üçün universallıq, qlobal əməkdaşlıq vacibdir. Onun sözlərinə görə, COP sistemi konsensus üzərində qurulub ki, bu da legitimlik və hər ölkənin səs hüququnu təmin edir. Lakin yekdillik tələb edən qərarlar irəliləyişi ləngidə bilər.

Polşanın keçmiş iqlim və ətraf mühit naziri, COP24-ün prezidenti Michal Kurtyka vurğulayıb ki, COP-ların əsası 1995-ci ildə qoyulsa da, bu gün dünya fərqli və çətin şəraitdədir. Müharibələr, aclıq, enerji təhlükəsizliyi və digər insani böhranlar iqlim müzakirələrini əhatə edən kontekstə təsir göstərir.

Misirin keçmiş xarici işlər naziri, COP27-nin prezidenti Sameh Şoukrinin sözlərinə görə, COP müzakirələrində ənənəvi yanacağa hələ də böyük asılılıq var və qlobal çağırışlar bütün ölkələr üçün aktualdır. Onun fikrincə, maliyyələşmənin artırılması vacibdir, lakin ən əsas problem Qlobal Cənub və Qlobal Şimal arasındakı parçalanmadır. O vurğulayıb ki, ümumi iqlim məqsədlərinə çatmaq üçün bütün tərəflər bir araya gəlməli və əməkdaşlıq etməlidir.

"Vital Voices Global Partnerships" təşkilatının İqlim Ədaləti Proqramının rəhbəri Hafsat Abiola Azərbaycanın COP29 zamanı bütün dünyanı yüksək səviyyədə qarşıladığını deyib: “Ümid edirəm ki, Türkiyə ilə bu istiqamətdə çox yaxından əməkdaşlıq edəcəyik və Efiopiyada da görüşmək imkanımız olacaq. Çünki Efiopiya bizim üçün mühüm ölkədir. O, Afrikanın müstəmləkəçiliyə məruz qalmayan yeganə dövlətidir”.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov Braziliyada keçirilən COP-un təcrübəsinə əsaslanaraq, iqlim proseslərinin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıb. Hazırda ətraf mühit sahəsində müxtəlif tənqidi yanaşmalar və geosiyasi gərginliklər mövcuddur, lakin inkişaf tempini qorumaq və səmərəli həll yolları tapmaq zəruridir. Dünya iqlim məsələlərinə yeni baxış bucağından yanaşmalı və idarəçilikdə sadələşdirilmiş prinsipləri rəhbər tutmalıdır, çünki bəzən müasir populyar tendensiyalar milyonlarla insanın maraqları ilə ziddiyyət təşkil edir. Bu kontekstdə orta güclərin rolu önəmlidir. Bölgələrində ciddi nüfuza malik olan bu dövlətlər böyük dövlətlərlə strateji razılaşmalar əldə etmə potensialına malikdir və iqlim hədəflərinin həyata keçirilməsində həyati əhəmiyyət daşıyırlar. COP platforması iqlim dəyişikliyi ilə mübarizədə yeganə və ən mühüm imkandır və bu işlərin kiçik, çevik qruplarla icrası COP formatının əhəmiyyətini bir daha göstərir.

Panel iclas müzakirələrlə davam edib.

Seçilən
56
azerbaijan-news.az

1Mənbələr