Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda "Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı" panelində çıxış edib.
Musavat.com-un məlumatına görə, Şahmar Mövsümov bildirib ki, Azərbaycan Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inteqrasiyasına xüsusi önəm verir:
"Trans-Xəzər Fiber Optik Kabeli Asiya və Avropa arasında 300 terabit/saniyəlik yüksək sürətli rəqəmsal əlaqə təmin edəcək və bölgədə rəqəmsal inteqrasiyanı gücləndirəcək. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan "Rəqəmsal vahid pəncərə" sistemi isə idxal, ixrac, tranzit və logistika prosedurlarını vahid elektron platformada birləşdirir və qonşu ölkələrlə inteqrasiyanı təmin edir. Bu rəqəmsal təşəbbüslər Azərbaycanı yalnız yük və enerji baxımından deyil, informasiya və rəqəmsal əlaqələr sahəsində də regionun strateji qovşağına çevirir".
Ş.Mövsümovun sözlərinə görə, Azərbaycanın strateji mövqeyi onu Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin mərkəzinə çevirir:
"Bakı limanı artıq Xəzər regionunun əsas logistika mərkəzi olaraq fəaliyyət göstərir və ötən il 4,7 milyon ton yük daşınıb. Orta Dəhliz 6 il əvvəl istifadəyə verilib və hazırda gündəlik orta hesabla bir blok qatar Avropa və Çin arasında hərəkət edir".
O qeyd edib ki, Orta Dəhliz yalnız yük daşımaları üçün deyil, həm də enerji və rəqəmsal əlaqələr üçün böyük rol oynayır:
"Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazını 16 ölkəyə çatdırır. Yeni layihə olan Qara Dəniz elektrik kabeli isə Azərbaycanın, Gürcüstanın, Rumıniyanın və Macarıstanın elektrik şəbəkələrini birləşdirəcək, genişmiqyaslı yaşıl enerji ötürülməsinə imkan yaradacaq".
Şahmar Mövsümov bildirib ki, ticarət sahəsində hələ çətinliklər mövcuddur:
"Biz çalışırıq ki, mövcud imkanlardan maksimum səmərə ilə istifadə edək və coğrafiyanın potensialını effektiv şəkildə optimallaşdıraq. Uzunmüddətli strateji baxışa əsaslanaraq son illərdə texnoloji dəyişiklikləri və inkişaf strategiyalarını əməkdaşlıq çərçivəsində formalaşdırmışıq. Hazırda Azərbaycan bir çox beynəlxalq layihələrdə iştirak edir və onların sayı artıq 2700-dən çoxdur. Ələt limanından 15 milyon ton yük daşınır və biz bunu 20 milyon tona çatdırmağı planlayırıq".
Xalidə Gəray
Musavat.com