GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.
Hansı universitetlər paytaxtdan köçürülə bilər?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev deyib ki, Bakı şəhərinin 2050-ci ilə qədər Baş planının hazırlanması prosesində də bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara çıxarılması gündəmdədir:
“Bu çərçivədə əsasən tələbə kontingenti çox olan və şəhər mərkəzində yerləşdiyi üçün yol-nəqliyyat infrastrukturuna əlavə yük yaradan universitetlərin köçürülməsi nəzərdə tutulur. Bakı Dövlət Universiteti istisna olmaqla, digər iri ali təhsil müəssisələrinin paytaxtdan kənara daşınması müzakirə edilir. Belə universitetlərə tələbə və nəqliyyat axınının çoxluğu səbəbindən şəhər mərkəzində sıxlıq yaradan ali məktəblər daxildir. Bunun üçün paytaxtdan kənarda vahid universitet şəhərciyi yaradılmalıdır. Həmin ərazidə bir neçə universitetin kampus formatında fəaliyyət göstərməsi nəzərdə tutula bilər.
Bu şəhərcikdə tələbə yataqxanaları, kitabxanalar, idman kompleksləri, istirahət və əyləncə mərkəzləri kimi infrastrukturun yaradılması mümkündür. Köçürülməsi ehtimal olunan universitetlər sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti kimi ali məktəblərin adını çəkmək olar. Bunlar əsasən şəhər mərkəzində yerləşən və tələbə sayı çox olan universitetlərdir”.
Elçin Əfəndiyev
Ekspert bildirib ki, universitetlərin köçürüləcəyi ərazilər seçilərkən tələbələrin gediş-gəlişi və yaşayış imkanları nəzərə alınmalıdır:
“Bu baxımdan bəzi ali məktəblərin Sumqayıt və ya Qaradağ rayonu ərazisinə köçürülməsi mümkün variantlardandır. Eyni zamanda, bölgələrdə də yeni universitet şəhərciklərinin yaradılması nəzərdən keçirilə bilər. Məsələn, Şamaxı rayonunda artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı fəaliyyət göstərir və gələcəkdə digər ali məktəblərdən birinin də həmin əraziyə köçürülməsi mümkün ola bilər. Yekun qərarın Nazirlər Kabinetinin müvafiq qərarları əsasında verilməsi gözlənilir. Qarşıdakı dövrdə hansı universitetlərin köçürüləcəyi və yeni ali təhsil komplekslərinin hansı ərazilərdə inşa ediləcəyi daha dəqiq müəyyənləşəcək. Bu prosesin Bakı şəhərinin qəsəbə və kəndlərini, eləcə də sahil ətrafı əraziləri əhatə etməsi istisna edilmir”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.