AZ

Korluğa səbəb olan göz xəstəlikləri arasında qlaukoma 2 ci yerdədir 80 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılmasıdır.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan konfransda Azərbaycanın regionları da daxil olmaqla, ümumilikdə, 220 həkim, gənc oftalmoloq iştirak edib.

Qeyd olunub ki, dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir. Korluğa səbəb olan göz xəstəlikləri içərisində qlaukoma 2-ci yerdədir.

Tədbirin moderatorları qismində tibb elmləri doktorları Nizami Bağırov, Hicran Namazova, professor Ümit Ekşioğlu, tibb üzrə fəlsəfə doktoru Aybəniz Əhmədova çıxış ediblər.

Konfransda Azərbaycanla yanaşı Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiyadan olan mütəxəssislər iştirak edib, həmçinin bəzi məruzəçilər tədbirə onlayn formatda qoşulublar.

Konfrans çərçivəsində qlaukoma sahəsində aktual mövzulara həsr olunmuş elmi məruzələr təqdim edilib. Bu məruzələr sırasında “Qlaukomada yeniliklər”, “Fərqli yaş qruplarında göz daxili təzyiqin yüksəlməsinin mümkün səbəblərinin müəyyən edilməsi”, “Süni intellekt və qlaukoma”, “Refraktiv cərrahi əməliyyatlardan sonrakı qlaukoma”, “Vitrektomizə olunmuş pasiyentlərdə pars plana Baerveldt şuntunun implantasiyası: cərrahi nüanslar”, “PRK, LASİK və Femto-LASİK əməliyyatlarından sonra steroid mənşəli oftalmohipertenziya”, “Pars plana vitrektomiyadan sonra müxtəlif növ tamponadalar zamanı torlu qişanın qanqlioz hüceyrə layı qalınlığının dəyişikliklərinin dinamikası” və digər mövzular yer alıb.

Tədbir çərçivəsində qlaukomanın erkən diaqnostikası, müasir müalicə metodları, yeni texnologiyaların tətbiqi və oftalmologiya sahəsində innovativ yanaşmalar geniş müzakirə olunub.

Qeyd edilib ki, konfrans oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün yeni elmi biliklərin əldə edilməsi, müasir tibbi texnologiyalarla tanışlıq və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
azertag.az

5Mənbələr