AZ

BDU tələbələri ekzistensial psixologiya mövzusunda məlumatlandırılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru pedaqoji heyət və tələbələr üçün “Həyatımızı təyin edən seçimlər – ekzistensial psixologiyada insanın sərhədləri” mövzusunda seminar keçirib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda psixoloqlar Natəvan Həsənzadə və Adəm Paşayev qeyd ediblər ki, ekzistensial psixologiya insan həyatının mənasını, azadlığını, məsuliyyətini, ölüm qorxusunu və tənhalıq kimi fundamental mövzuları araşdıran psixologiya cərəyanıdır. Onlar ekzistensial psixologiya çərçivəsində insan həyatında seçimlərin rolu, fərdi məsuliyyət və azadlıq anlayışları barədə geniş məlumat veriblər. Bildiriblər ki, insanın həyatın müxtəlif mərhələlərində qarşılaşdığı seçimlər onun həyat yolunu və şəxsiyyət kimi formalaşmasını müəyyən edən əsas amillərdən biridir. Bir çox hallarda insanlar həyatlarında baş verən hadisələrə görə özlərini qurban və ya məhkum edilmiş kimi hiss edir, qərar qəbul etməkdə çətinlik çəkir və məsuliyyəti xarici amillərin üzərinə yönəldirlər. Lakin ekzistensial yanaşmaya görə, insan azad seçim imkanına malikdir və bu azadlıq məsuliyyət hissini də özü ilə gətirir. Bu baxımdan seçim yalnız istədiyini etmək deyil, insanın öz düşüncə və davranışlarının nəticələrini qəbul etməsi və həyatında müəyyən istiqamət seçməsi deməkdir.

Seminarda qərarvermə prosesinə təsir edən gizli psixoloji müdafiə mexanizmləri, daxili qorxular və bəzən insanın özünə belə etiraf etmədiyi düşüncələr barədə müzakirələr aparılıb. Psixoloqlar qeyd ediblər ki, bu mexanizmləri dərk və analiz etmək insanın özünü daha yaxşı tanımasına, həyatındakı seçimləri daha şüurlu şəkildə etməsinə kömək edir.

Vurğulanıb ki, insanın bəzən seçimdən yayınmaq cəhdi də əslində bir seçimdir. Bu səbəbdən fərdin öz həyatına aktiv yanaşması, seçimlərinin məsuliyyətini dərk etməsi vacib hesab olunur.

Tədbirin sonunda mövzunun daha dərindən düşünülməsi və şəxsi həyatla əlaqələndirilməsi məqsədilə tələbələrə psixoloji praktik tapşırıqlar təqdim edilib, onların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr