Son günlərdə ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni hədəfinin olduğuna dair xəbərlər tirajlanır.
İddialara əsasən, ABŞ rəhbərliyi İranın Xark adasını ələ keçirmək niyyətindədir. Fars körfəzində yerləşən bu ada İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi əsas enerji və logistika mərkəzlərindən biri hesab olunur. İranın neft gəlirlərinin 90 faizinin bu ada hesabına gəldiyini nəzərə alanda onun strateji əhəmiyyəti daha da qabarıq şəkildə özünü göstərir. Çünki belə əhəmiyyətə sahib adanı ələ keçirmək ölkənin iqtisadiyyatını tamamilə məhv edə bilər.
Bəs ABŞ həqiqətən Xark adasını hədəf ala və onu ələ keçirmək üçün hərbi müdaxilə edə bilərmi?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək planı ilə bağlı yayılan iddialar daha çox informasiya müharibəsi və psixoloji təzyiq elementi kimi qiymətləndirilir:
“Çünki Xark adası İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi strateji enerji mərkəzidir. Üstəlik, bu adaya hərbi müdaxilə faktiki olaraq İranın iqtisadi damarına zərbə vurmaq anlamına gələrdi. Lakin belə bir addım ABŞ üçün də ciddi regional eskalasiya riski yaradar. İran bu addımı birbaşa müharibə aktı kimi qiymətləndirə və Hörmüz boğazı ətrafında genişmiqyaslı hərbi qarşıdurma başlaya bilər. Bu isə yalnız İran-ABŞ münasibətlərini deyil, bütün Yaxın Şərq təhlükəsizlik arxitekturasını sarsıda biləcək bir ssenaridir”.
Ekspert qeyd edib ki, Vaşinqtonun strateji davranış modeli ABŞ-nin adətən belə kritik enerji nöqtələrini birbaşa işğal etməkdən daha çox iqtisadi sanksiyalar, dəniz nəzarəti və regional müttəfiqlər vasitəsilə təzyiq mexanizmlərinə üstünlük verdiyini göstərir:
“Xark adasına birbaşa hərbi müdaxilə beynəlxalq hüquq baxımından da ciddi mübahisələr doğurar və regiondakı ABŞ-nin hərbi bazaları İranın birbaşa hədəfinə çevrilər. Buna görə də bu ssenarinin real hərbi əməliyyat kimi həyata keçirilməsi ehtimalı nisbətən aşağı qiymətləndirilir. Lakin bunun informasiya müstəvisində gündəmə gətirilməsi İran üzərində siyasi və strateji təzyiqi artırmaq məqsədi də daşıya bilər”.
Elmir Mustafa
