AZ

Xüsusi nümayəndə: Torpaq ayrılan zaman yaşıllıqların ekspertizasının aparılmasını təklif edirik

Zəngilan, 13 mart, AZƏRTAC

İşğaldan azad edilmiş torpaqlarda tikinti layihələrinin ərazisinə düşən ağaclarla bağlı problemlər yaşayırıq.

AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

"Torpaq ayrılan zaman ərazinin coğrafi koordinatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara göndərilir. Birgə komissiya çərçivəsində əraziyə baxış keçirilir. Bu zaman əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda yağış və sel sularından mühafizə tədbirləri həyata keçirilir. Torpağın ayrılmasına dair sərəncam verilir, müqavilələr bağlanılır, layihə yekunlaşır. Ağacların inventarlaşdırılması, ekspertizası son mərhələdə həyata keçirilir. Bu zaman kəsilməsi mümkün olmayan qiymətli ağacların və ya çox sayda irigövdəli ağacların mövcudluğu bəlli olur. Onların da köçürürmə dəyəri yüksəkdir. Nəticədə həmin ağaclar nəzərə alınmaqla layihənin yenidən işlənməsi zərurəti meydana gəlir. Təklifimiz odur ki, torpaq ayrılan zaman yaşıllıqların ekspertizasının aparılması nəzərə alınsın. Əks halda layihələndirmə zamanı kifayət qədər böyük problemlərlə üzləşirik", - deyə V.Hacıyev bildirib.

O, həmçinin bp şirkətinin dəstəyi ilə "Yeni nəfəs" layihəsi çərçivəsində Zəngilan rayonu ərazisində 70 hektar torpaq sahəsində 50 min ağac tinginin əkilməsinin nəzərdə tutulduğunu deyib. Qeyd olunub ki, layihənin həyata keçiriləcəyi ərazi Zəngilan şəhərinin yaxınlığındadır.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Səfiyar Məcnun

 

Seçilən
10
2
azertag.az

3Mənbələr