Tele-aparıcı Zümrüd Bədəlova şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. Aparıcı verdiyi açıqlamada təkliyi sevdiyini və bəzən insanların onu kənardan gördüyü kimi olmadığını bildirib. O, həyatında yaşadıqlarının onu daha ehtiyatlı etdiyini də gizlətməyib.
Hafta.az xəbər verir ki, Bədəlova tək qalmaqdan çəkinmədiyini etiraf edib:
"Gözlər çox təkdir, ona görə də qəmlidir. 'Təkəm' deyəndə evdə anamgilin xoşuna gəlmir, hirslənirlər. Amma doğrudan da bəzən təkliyə aşiq oluruq. Məni çox maraqlı yerlərə dəvət edirlər, bəlkə də getsəm qarşıma böyük fürsətlər çıxar. Söz versəm də, həmin gün o qədər bəhanə tapıram ki, getmirəm. Evə gedib çayımı dəmləyib hansısa filmə baxıb ağlamaq mənə daha üstün gəlir".
Aparıcı kənardan enerjili göründüyünü, lakin daxilində fərqli hisslər yaşadığını da bildirib:
"Kənardan mənə çox enerjili deyirlər. Halbuki ürəyimizin qapısını sözün əsl mənasında aça bilən insan yoxdur. Ürəyimiz yanıb, kül olub".
Zümrüd Bədəlova illər ərzində münasibətlərdə müxtəlif jestlər və vədlərlə qarşılaşdığını, lakin artıq bu məsələlərə daha fərqli yanaşdığını söyləyib:
"25 ildir hədiyyələr də, yalançı jestlər də görmüşük. Amma indi düşünürəm ki, bəzən gələn bir dəstə gül də qadını xoşbəxt edə bilərmiş. Yalan sözlərə, jestlərə çox inanmışam. Amma bu gün heç birinə aldanmaram"./milli.az/