AZ

Aqşin Bəbirovun anası danışdı: “O qədər stress yaşamışıq ki…”

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirovun anası Dürdanə Bəbirova oğlunun cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

D.Bəbirova Pravda.az-a açıqlamasında deyib ki, hadisə yeni deyil, bir ilə yaxındır, baş verib.

 

"Yazırlar ki, Aqşin qarşı tərəfə dəmir parçası ilə xətər yetirib, doğru məlumat deyil. Hadisənin üstündən bir ilə yaxındır, vaxt keçib. Dalaşmışdı. Günah qarşı tərəfdə olub. Maşınla qarşısına keçib, qəza şəraiti yaradıb. Aqşin onu dəfələrlə yola salıb ki, mübahisə lazım deyil... Yanında şahidi də olub, onları ayırmağa çalışıb. Hadisədə dəmir parçası ilə zərbə endirmək məsələsi tamamilə yalandır. Məhkəmə hökmü ilə xuliqanlıq maddəsi ortadan qaldırıldı. Aqşinə bir il müddətinə elektron qolbaq taxılması ilə bağlı hökm oxundu. Qarşı tərəf zərərçəkmiş şəxs olduğu üçün ona cəza verilməyib. Aqşin ona zərbə endirmişdi deyə ekspertdən rəy almışdı. Məsələ artıq bağlanıb. Hazırda Aqşin evdədir.  Dünəndən bəri mən də, Aqşin də o qədər stress yaşamışıq ki… Axı belə bir şey ola bilməz. Niyə kiminsə haqqında yalan-yanlış məlumatlar yazıb paylaşırlar?”

 

D.Bəbirova bildirib ki, hazırda nə Aqşin, nə də Hüseyn Axundov işlə işləyir: “Çünki sağlamlıqlarında problemlər çox olub, beyinləri yüklənib. Sosial şəbəkələrdə yazırlar ki, Aqşinlə Hüseyn özləri düşmən tərəfə keçmişdilər. Özü keçən adam indi evində olardı? Artıq-əskik yazırlar, narahat oluruq. Bizim uşaqlarımız atdıqları hər bir addıma diqqət edirlər. Səhvi olan birini Dövlət Təhlükəsizliyi Xidməti evinə qaytarır?"

 

Aytəkin Qardaşova

Tarix: 13 Mart 2026, 13:57   
Seçilən
55
2
pravda.az

3Mənbələr