AZ

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ xəbəri – Baş nazirin açıqlaması…

Son illər Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması ölkə daxilində ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Xüsusilə regionda baş verən siyasi və hərbi gərginliklər, təhlükəsizlik amilləri və miqrasiya riskləri bu qərarın səbəbləri barədə müxtəlif fikirlərin formalaşmasına gətirib çıxarıb. Cəmiyyətin bir hissəsi sərhədlərin açılmasının iqtisadi və sosial baxımdan vacib olduğunu düşünürsə, digər tərəf təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayır. Bu müzakirələr fonunda hökumət rəsmilərinin mövzu ilə bağlı açıqlamaları diqqətlə izlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədov quru sərhədlərlə bağlı məsələyə toxunaraq bildirib ki, son dövrlər regionda baş verən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu bir daha göstərir. Onun sözlərinə görə, bu qərar eyni zamanda dövlətin təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsidir.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatı zamanı səsləndirib. O qeyd edib ki, regionda baş verən proseslər dövlətin qəbul etdiyi qərarların nə qədər düşünülmüş olduğunu təsdiqləyir. Əli Əsədov vurğulayıb ki, quru sərhədlərlə bağlı mövcud yanaşma həm də ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir və təhlükəsizlik məsələləri bu qərarda əsas rol oynayır.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin bağlı saxlanılması məsələsi yalnız epidemioloji səbəblərlə izah olunmur və bu qərarın arxasında daha geniş təhlükəsizlik və geosiyasi faktorlar dayanır. Onun sözlərinə görə, regionda son illərdə baş verən münaqişələr, qeyri-sabitlik və miqrasiya riskləri dövlətləri sərhəd siyasətinə daha həssas yanaşmağa məcbur edir: “Azərbaycan Cənubi Qafqazda strateji mövqedə yerləşən ölkədir və regionda baş verən hər bir hadisə birbaşa ölkənin təhlükəsizlik gündəminə təsir edir. Azər Hüseynovun fikrincə, xüsusilə Yaxın Şərq və digər bölgələrdə baş verən qarşıdurmalar fonunda nəzarətsiz miqrasiya axınları ehtimalı da nəzərə alınmalıdır. Bu baxımdan quru sərhədlərin bağlı saxlanılması müəyyən dövr üçün təhlükəsizlik baxımından preventiv addım kimi qiymətləndirilə bilər. Sərhədlərin açılması məsələsi yalnız daxili tələbat və iqtisadi amillərlə müəyyən olunmur. Burada regional sabitlik, təhlükəsizlik riskləri, nəqliyyat və logistika imkanları, eləcə də dövlətin strateji maraqları nəzərə alınmalıdır. Quru sərhədlərin açılması ilə bağlı qərar yalnız bütün bu amillər nəzərə alındıqdan sonra verilə bilər”.

Ekspertin fikrincə, gələcəkdə quru sərhədlərin mərhələli şəkildə açılması istisna olunmur, lakin bunun üçün regionda təhlükəsizlik vəziyyətinin sabitləşməsi vacibdir. O qeyd edib ki, dövlət bu məsələni daim monitorinq edir və şərait uyğun olduqda müvafiq qərarların qəbul edilməsi mümkündür: “Hazırkı mərhələdə əsas prioritet ölkənin təhlükəsizliyinin təmin edilməsidir. Sərhədlərin açılması və ya bağlı qalması məsələsi siyasi qərardır və bu qərar ilk növbədə dövlətin milli maraqları əsasında müəyyənləşdirilir. Bu baxımdan mövcud vəziyyət dəyişdikcə sərhədlərlə bağlı siyasətdə də yeni qərarların verilməsi gündəmə gələ bilər”.

Tunar

NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr