Son illərdə aparılan elmi araşdırmalar hər gün çimmək vərdişinin dəri sağlamlığına ciddi zərər vurduğunu üzə çıxarıb. Harvard Universitetinin Tibb Məktəbinin hesabatına görə dərinin üst təbəqəsindəki faydalı bakteriyalar və təbii yağlar isti suyun təsiri ilə yuyulub gedir. Bu proses dərinin mikrobiomunu pozaraq allergik reaksiyalara və infeksiyalara yol açır.
NOCOMMENT.az-ın məlumatına görə dermatoloqlar xəbərdarlıq edir ki, dərinin səthində yaşayan mikroorqanizmlər immun sistemini dəstəkləyən təbii sipər rolunu oynayır. Kolumbiya Universitetinin tədqiqatçıları müəyyən edib ki, tez-tez yuyunmaq dərini qurudur və orada mikroskopik çatların yaranmasına səbəb olur. Həmin çatlardan bədənə daxil olan kənar faktorlar isə müxtəlif xəstəliklərin yaranma riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının bəzi tövsiyələrində də qeyd olunur ki, sabun və isti suyun həddindən artıq istifadəsi dərinin turşuluq balansını pozur. Xüsusilə uşaqlarda immun sisteminin inkişafı üçün müəyyən miqdarda mikroblarla təmas vacibdir. Hər gün duş qəbul etmək uşaqların immun sisteminin ətraf mühitə adaptasiyasını çətinləşdirir.
Ekspert rəyinə görə əksər insanlar üçün həftədə 2 və ya 3 dəfə ilıq su ilə yuyunmaq kifayətdir. Gündəlik duş yalnız ağır fiziki iş və ya güclü tərləmə hallarında zəruri sayılır. Digər hallarda isə dəri özünü yeniləmək və qorumaq üçün zamana ehtiyac duyur.
Dəridə yaranan quruluq və qıcıqlanma halları çox vaxt məhz bu sadə vərdişdən qaynaqlanır. Araşdırmalar göstərir ki, duş müddətini 5 dəqiqəyə endirmək və suyun temperaturunu aşağı salmaq dərinin cavan qalmasına kömək edir.//Demokrat.az