AZ

Kaya Kallas: ABŞ Avropanı parçalamaq istəyir...

Birliyin baş diplomatı ABŞ-nin Avropa İttifaqına münasibətdə bölücü siyasət yürütməkdə maraqlı olduğunu bildirib və birlik ölkələrini Trampın siyasətinə qarşı həmrəyliyə çağırıb...

Poliqon xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Avropa ilə bağlı siyasətinə dair kəskin açıqlama verib. Aİ rəsmisi “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Vaşinqton Avropada parçalanmanı təşviq edən mövqe nümayiş etdirir və bu yanaşma Avropa İttifaqının gələcəyi üçün ciddi çağırış yaradır.

Kallasın sözlərinə görə, ABŞ rəhbərliyi son dövrlərdə Avropaya münasibətdə daha açıq şəkildə bölücü mövqe nümayiş etdirir. “Mən hesab edirəm ki, hamının başa düşməsi çox vacibdir ki, ABŞ çox açıq şəkildə Avropanı bölmək istədiyini bildirib. Onların Avropa İttifaqını sevmədiyi də aydındır”, – deyə Aİ diplomati vurğulayıb.

“Financial Times” qəzeti Kallasın mövqeyinə istinadən yazır ki, Avropa İttifaqı ölkələri bu cür siyasət qarşısında parçalanmamalı, əksinə daha sıx birlik nümayiş etdirməlidir. Onun fikrincə, xüsusilə ABŞ-də Donald Tramp administrasiyasının siyasəti Avropa ilə münasibətlərdə yeni gərginlik yaradır.

Kallas bildirib ki, Avropa İttifaqı üzv dövlətləri xarici təzyiqlərə və “düşmən xarakterli taktikalara” qarşı birgə mövqe sərgiləməlidir. O qeyd edib ki, Avropa ölkələri yalnız birlik və koordinasiya sayəsində qlobal siyasətdə öz maraqlarını effektiv şəkildə qoruya bilər.

Aİ rəsmisi əlavə edib ki, Avropanın strateji muxtariyyəti və siyasi həmrəyliyi indiki mürəkkəb beynəlxalq şəraitdə daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, qlobal geosiyasi rəqabətin gücləndiyi bir dövrdə Avropa İttifaqının daxili birliyi qorunmasa, bu vəziyyət qitənin siyasi və iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər.

Qeyd olunur ki, son aylarda ABŞ ilə Avropa arasında ticarət, təhlükəsizlik və beynəlxalq münaqişələrə yanaşma məsələlərində müəyyən fikir ayrılıqları yaranıb. Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar transatlantik münasibətlərdə mövcud olan gərginliyin artdığını göstərir.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr