Ermənistanda növbəti parlament seçkilərinə 3 aydan da az qalır. Qarşıdakı seçkilər şübhəsiz, yalnızca Qərblə Rusiya arasında yox, həm də hərblə müharibə arasında seçimlə yadda qalacaq.
Nə qədər qəliz olsa da, erməni cəmiyyəti, daha doğrusu, onun əksəriyyəti belə bir kritik seçimlə üz-üzə gələcək. O səbəbə seçici fəallığının kifayət qədər yüksək olacağını gözləməyə dəyər...
Bəzən qarşıdakı seçkiləri yerli seçkilərlə, məsələn, Gümrüdə mer seçimləri ilə müqayisə edirlər. Hansı seçkilərdə ki, hakim partiya qalib gəlsə də, yetərli qədər səs almadığı üçün müxalifət təmsilçiləri yığışıb yeni meri seçmişdilər (hazırda o, korrupsiya ittihamı ilə həbsdədir).
Rusiyaya bağlı radikal-revanşistlər bu “uğur hekayəsi”ni böyük seçkilərdə təkrarlamağa ümid edirlər. Hərgah, az sonra Eçmiədzindəki yerli seçkilərdə Nikol Paşinyanın partiyası mütləq qələbə qazanaraq, faktiki Gümrüyə görə “qisas” ala bilib...
Bütün hallarda 7 iyun parlament seçkiləri və ardınca (yaxud eyni vaxtda) keçiriləcək referendum 30 il əvvəlki heç bir səsverməyə bənzəməyəcək. Çünki bu, əsl mənada yaxın on illər üçün Ermənistanın və onun əhalisinin taleyini müəyyən edəcək. Yanlış seçim bu xalqa yeni-yeni bəlalar gətirməklə, onu ildırım sürətilə köhnə faciələr labirintinə qaytara bilər.
Bunu hamıdan yaxşı elə Paşinyan bilir. O səbəbə tarixi gün yaxınlaşdıqca öz xalqı ilə daha açıq danışmaqda və onun xəbərdar eləməkdədir. Paralel surətdə daxildəki pozucu və avantürist qüvvələrin üzərinə əvvəlkindən də qətiyyətlə getməkədidir. Xüsusən də seçici səslərini pul-para hesabına almağa çalışacaq rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan, Kremlin desantı Karen Karapetyanın yaratdığı hərəkata qarşı...
Paşinyan, həmçinin, tam doğru olaraq, uydurma “artsax kartı”nda sui-istifadəyə qarşı hərəkətə keçib. Ona görə ki, bu “kartdan” ən çox Moskvanın istifadə edəcəyinin yaxşı fərqindədir. Təsadüfi deyil ki, bu günlərdə Rusiyanın “Qarabağ erməniləri”nə humanitar yardımından rəsmən imtina edib. Çünki “havayı pendir yalnız tələdə olur”.
Əlavə olaraq, o, Qarabağdan könüllü köç eləmiş ermənilərin geri dönmək haqda düşünməyə deyil, Ermənistanın tamhüquqlu vətəndaşlığını alıb ölkədə yaşamağa çağırıb. “Qarabağ hərəkatı”nın bağlandığını bir daha, net şəkildə xatırladıb.
Hətta ötən ay o, İrəvanda qondarma “soyqırımı muzeyi”nin direktorunu ABŞ vitse-prezidenti Ceyms Di Vensə “artsax” haqda təxribatçı kitab hədiyyə elədiyi üçün işdən çıxarıb. Revanşistlərin haray-həşirinə rəğmən, bayraq adlandırılan əski parçasını ölkə boyu yığışdırmaq göstərişi verib.
Nəhayət, srağagün Paşinyan açıq bəyan edib ki, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə ərazi iddialarının yer aldığı Müstəqillik Aktına istinad olmayacaq, ona görə ki, “həmin sənəd müharibə məntiqi üzərində qurulub”. Nəzərə alaq ki, bu ay təzə konstitusiya layihəsi ictimai müzakirəyə çıxarılacaq, o zaman Baş nazirin hücum taktikasına kökləndiyini, ölkənin isə həlledici fazaya keçdiyini yəqinliklə söyləmək mümkündür...
Kimin hansı “məzhəbə” qulluq elədiyini əslində, erməni cəmiyyəti özü də bilir. Misal üçün, jurnalist Abo Çaparyan yazıb ki, Rusiya Xocalı canisi Robert Köçəryanı yenidən hakimiyyətə gətirmək istəyir.
“Kilsə işğal olunub və onun rəhbərləri Rusiya KQB-sinə xidmət edirlər. “5-ci kolon” Ermənistanı “İttifaq Dövləti”nə daxil etmək istəyir. Talançılar “xeyriyyəçilərə” çevriliblər. Kreml dövriyyəyə külli miqdarda pul qoyub. Əsas məqsəd Köçəryanı qaytarmaqdır. O, Kremlin itaətkar xidmətçisidir, “İkinci Gümrü” ssenarisini təkrarlamaq istəyirlər. Rusiya onları Ermənistanı öz əyalətinə çevirməyə məcbur edir”, - jurnalist vurğulayıb və əlavə edib ki, “rus köləsi” “Daşnaksütyun” (terror təşkilatı) da Ermənistana qarşı təbliğatını davam etdirir (Teleqraf.az).
Belə görünür ki, Ermənistanda tufanqabağı sakitlik dövrü artıq başlayıb...
Z. SƏFƏROĞLU